Yuxarı
    Bağlamaq

    Rəmiş Malıyev: "İnter" klubunun dağılma təhlükəsi yoxdur"

    Komandanın avrokuboklara qatılacağı dəqiq deyil

    Bakı. 22 fevral. REPORT.AZ/ "İnter" Peşəkar İdman Klubunun təhvil-təslim prosesi başa çatıb. Bu barədə "Report"a AFFA tərəfindən paytaxt təmsilçisinə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev məlumat verib.

    Eyni zamanda AFFA-nın Hüquq və kadr şöbəsinin müdiri vəzifəsində çalışan R.Malıyev bildirib ki, tədricən bütün məsələlər həllini tapacaq. O, klubun dağılma təhlükəsinin olmadığını da söyləyib: "Təhvil-təslim prosesi başa çatıb, lakin məsələnin detalları barədə danışmaq istəmirəm. Çünki bu, klubun daxili işidir. Əsas odur ki, işlər qaydasına düşür. "İnter" istənilən halda yaşayacaq. Hər şey yaxşı olacaq, bunu əminliklə söyləyə bilərəm. Ancaq klubun fəaliyyətini hansı formada davam etdirəcəyini indidən söyləmək çətindir. Gəlin, ehtimallar üzərində danışmayaq. Komandanın avrokuboka vəsiqə qazanması da bu məsələdə önəmli rol oynaya bilər. "İnter"in avrokuboka vəsiqə əldə edib, lakin yerini başqa bir kluba verməsinin mümkünlüyünə gəlincə, bu barədə də indidən konkret nəsə söyləyə bilmərəm".

    R.Malıyev hazırda "KredAgro" Bank Olmayan Kredit Təşkilatında girovluqda olan "İnter Arena"nın gələcək aqibətinə də toxunub. Klub rəsmisi məsələnin müsbət həllini tapacağına inandığını ifadə edib.

    "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC "İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verdikdən sonra ötən ilin martında "İnter Arena"da açılan "Yuventus" Futbol Məktəbinin də taleyi sual altına düşüb.

    Bu layihənin ABB-yə məxsus olduğunu qeyd edən R.Malıyev bidlirib ki, bu məktəbin fəaliyyətini davam etdirməsində "İnter" klubu da maraqlıdır: "Maraqlı layihədir. Biz də istərdik ki, "Yuventus" Futbol Məktəbi işini davam etdirsin. Ancaq indiki halda bu məsələ barədə dəqiq söz söyləmək çətindir".

    Qeyd edək ki, yanvarın 27-də ABB İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi