Bakı 18 yanvar. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İspaniyanın nəhəng tikinti şirkəti ACS-in və "Real Madrid" klubunun prezidenti Florentino Pereslə görüşüb. "Report"un məlumatına görə, görüş hökumət rəsmisinin Madridə səfəri çərçivəsində baş tutub.
Peres Kvirikaşviliyə onun adı və "1" nömrəsi yazılmış futbolka hədiyyə edib. Baş nazir klub prezidentini Gürcüstan hökumətinin iri infrastruktur layihələrini nəzərdə tutan dörd bəndlik planla tanış edib. Peres cari və planlaşdırılmış infrastruktur layihələri ilə maraqlanıb. O, Anakliya dərin su limanı tikintisi layihəsinə qoşulmaq istəklərini ifadə edib.
Qeyd edək ki, Georgi Kvirikaşvili yanvarın 17-dən İspaniyada səfərdədir.