"Bu yaxınlarda Bakıda oynamış və qalib gələrək, yaxşı təcrübə əldə etmişik".
"Report"un məlumatına görə, bunu Uels millisinin baş məşqçisi Rayan Giqqz AVRO-2020-nin püşkünün nəticəsi barədə danışarkən deyib. Noyabrın 16-da Azərbaycan yığması ilə seçmə mərhələ oyununda üz-üzə gəldiklərini xatırladan 46 yaşlı mütəxəssis Avropa çempionatında da İsveçrə və Türkiyə ilə ilk iki oyunu Bakıda keçirəcəklərinə diqqət çəkib: "Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər".
Giqqz Bakıdan Romaya səfər və İtaliyaya qarşı keçirəcəkləri son oyunun çətin olacağını əlavə edib. Lakin o, ümid etdiyini bildirib ki, İtaliya ilk 2 matçda qalib gəlməklə 6 xal qazanacaq və Uelslə qarşılaşmada ehtiyat qüvvəsindən yararlanacaq: "Bu, bizim üçün bir qədər asan olacaq. Lakin öncə öz qayğımıza qalmalıyıq".
Qeyd edək ki, Uels yığması İsveçrə ilə iyunun 13-də, Türkiyə ilə isə iyunun 17-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. İtaliya ilə qarşılaşma isə iyunun 21-də "Olimpiko" stadionunda olacaq.