Tbilisi. 9 dekabr. REPORT.AZ/ Azərbaycan “Əraziləri işğal edilmiş və münaqişələrə cəlb olunmuş ölkələrdə uşaqlar üçün əyləncəli açıq futbol” layihəsində fəal iştirak edir.
Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Gürcüstanın paytaxtı Tbilisidə sözügedən layihə çərçivəsində növbəti konfrans keçirilib.
Konfransda layihə çərçivəsində görülən işlər, üzv ölkələrin perspektiv planları və digər məsələlər müzakirə olunub. Layihənin 2017-ci ildə Azərbaycanda da davam etdirilməsi barədə qərar qəbul olunub:
“Azərbaycan 2002-ci ildən bu layihədə fəal iştirak edir. Layihə, əsasən qaçqın və məcburi köçkün uşaqları əhatə edir. Azərbaycanın da ərazilərinin 20 faizi işğal olunub, minlərlə qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlarımız var. Azərbaycan dövləti onların həyatına biganə qalmır və bütün lazımi tədbirləri görür”.
Onun sözlərinə görə, qaçqın, məcburi və köçkün uşaqlar üçün hər il Azərbaycanda 10-12 belə məktəb açılır. Bu məktəblərdə müvafiq olaraq 200-250 uşaq iştirak edir. Layihənin icrasına başlandığı gündən 20 mindən çox uşaq bu layihədə iştirak edib. Layihə uşaq və gənclərin asudə vaxtının səmərəli təşkilinə, idmana marağının artmasına və yaxşı futbolçuların yetişməsinə imkan yaradır”
Deputat deyib ki, Azərbaycan nümayəndə heyəti mütəmadi olaraq layihə çərçivəsində xarici ölkələrdə keçirilən seminarlarda, konfranslarda iştirak edir, bu cür oyunların keçirilməsi ilə bağlı müzakirələr aparır, təkliflər irəli sürür. Tbilisidə keçirilən toplantıda layihənin gələn il Azərbaycanda davam etdirilməsi barədə razılıq əldə olunub.
R.Əliyev bildirib ki, layihədə 32 ölkə iştirak edir və Azərbaycan yenə də birincilər sırasındadır. 2017-ci ildə Azərbaycanda 15-dək yeni məktəbin açılacağı planlaşdırılıb.
“Düşünürəm ki, gələn il ölkəmizdə bu məktəblərin sayı 30-dan çox olacaq”, – deyə R.Əliyev vurğulayıb.