Ramin Musayev: "Qərəzli hakim yanımızda ola bilməz" - ƏLAVƏ OLUNUB

Ramin Musayev: "Qərəzli hakim yanımızda ola bilməz" - ƏLAVƏ OLUNUB "Səhv ola bilər, ancaq qərəz olmasın"
Futbol
6 Oktyabr , 2016 12:48
Ramin Musayev: Qərəzli hakim yanımızda ola bilməz - ƏLAVƏ OLUNUB

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Çalışacağıq ki, ötən ildəki kimi bu dəfə də hər şey düzgün olsun və kim nəyə layiqdirsə, o nəticəni də qazansın. Oyunları izləyirik. Mənim üçün "Qarabağ", "Rəvan", "Şəmkir" və ya digər klubun fərqi yoxdur". 

"Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun bu gün keçirilmiş püşkatma mərasimində deyib.

PFL prezidenti oyunlarda hakimlər tərəfindən qərəzli idarəçiliyin olmayacağını bildirib və jurnalistlərin digər suallarını cavablandırıb: 

- "Qarabağ"ın futbolçusu Elvin Yunuszadəyə "Fiorentina" ilə İtaliyadakı oyunda göstərilmiş qırmızı vərəqədən bizim çempionatda verilsə, Xaqani Məmmədovu biabır edərlər. Hər şey nəzərə alınıb. Çalışırıq ki, bütün işlər hamının ürəyincə olsun. Səhv ola bilər, ancaq qərəz olmasın. Özünüz də bilirsiniz ki, qərəzli hakim bizim yanımızda ola bilməz.

- Kubokun finalı harada keçiriləcək?

- Final oyununu bölgədə keçirmək fikrimiz var. Çox istərdim ki, bu, Lənkəran olsun. Amma "Xəzər Lənkəran" öz fəaliyyətini dayandırıb. Mən sözü açıq deyən adamam. "Neftçi" finala çıxsa, kuboku Lənkərana apara bilmərəm. Əksinə olsa, gedə bilərik. Lənkəran şəhər polis rəisi ilə danışıb, təhlükəsizliyə təminat versələr, o azarkeşlərə hörmət olaraq orada keçirə bilərik. Bundan başqa final Qəbələdə, Gəncədə də ola bilər. 90 faiz ehtimalla bölgələrdə olacaq. Bizə jurnalistlərin köməyi də lazımdır. Elə problemlərlə üzləşirik ki, jurnalist yanımızda olanda o həll olunur.

- "Bakılı" - "Zaqatala" oyununda baş verənlərə münasibətiniz necədir?

- Bununla bağlı məlumatım var və videoyazılara baxmışam. "Bakılı"nın birinci topu azarkeşlər tərəfindən yaxşı qarşılanmadı. İddia edirdilər ki, top xətti keçmişdi. Ancaq top xətti keçməyib. Bunu yan və baş hakim təsdiqləyir. Bundan sonra azarkeş yenə söyüş söyür. Bu adam hakimin səhv və ya düz olmasına baxmır. Hakimə bəraət vermirəm. Hakimə deyirlər ki, kim nə desə, sən heç nə eşitmirsən. Amma oyundan sonra xətrinə dəyən olsa, vur. Bunu demişəm və arxasında durururam. Hakim düz etməyib. Sözsüz ki, hər kəsin öz mənliyi var. Bir daha belə hal təkrarlanarsa, başqa yollara əl atacağıq. Çəkinmirik və heç kimin yanında gözü kölgəli deyilik.

- Kubokun sponsoru məsələsi nə yerdə qaldı?

- Sponsor yoxdur. Təkliflər oldu, amma o heç kubokun formasını dəyişməyə dəyməz.

- "Mil Muğan"a siz nəzarət edirsiniz. Bu komanda kubokda niyə iştirak etmir?

- Mən sözümdən qaçmıram və bu komanda nəzarətimdədir. Buraya gəlmədən öncə klubla söhbət etdim. Baş məşqçidən xahiş etdim ki, bizə qələbə yox, yaxşı oyun göstərmək və oyunçu lazımdır. Biz Qurban Qurbanovla birgə çalışanda 6 oyunda qələbə qazana bilmədik. Çempionluğa oynayanda bizi saxlayan keçmiş AFFA rəhbərliyi oldu. Tələsmək lazım deyil. Hələ çempionat başa çatmayıb. Yanvardan sonra limitlə bağlı dəyişiklər olacaq. Komanda çempionat başlamazdan 15 gün qabaq yaranıb. Nəyə gələk? Məsələn, gəlib düşsün "Qəbələ" ilə... Bu klubun insafı yoxdur və gəlsin 10 dənə qol vursun. Elə bil "Jiquli" ilə BMW yarışır. Başqa komandalar özünə güvənir. Amma biz hazır deyilik.

- "Kəpəz"in bazası bu gün acınacaqlı vəziyyətdədir. Son oyunda mətbuat üçün normal yer də yox idi. Klub rəhbərliyi ilə danışıq olub bu barədə?

- Vallah, "Kəpəz" klubunun rəhbərliyinin kimliyini tam bilmirəm. Klubun komandası, baş məşqçisi var. Varsa, gəlsin görüşək.

- Əvvəllər PFL ayın oyunçusunu seçirdi. Bunu bərpa etmək olar?

- Biz artıq I Divizionda ayın oyunçusunu seçirik. Çox gözəl də alındı. 5 ən yaxşı qol seçilmişdi. Aşağı dəstəni işıqlandırmalıyıq. Əksəriyyəti gənc oyunçulardır və futbolun gələcəyini onlarda görməliyik.

- Həqiqətən aşağı dəstədə gərgin mübarizə gedir. V turda səhv etmirəmsə, 4 canlı yayım olub...

- Bəzi stadionlarda internetlə bağlı problem olduğu üçün onlayn yayım da verə bilmirik. Komanda öz oyununu taparsa, oyunlar canlı yayımlanacaq. "CBC Sport" hansı oyunu desək, təmənnasız göstərməyə hazırdır.

- Hakimlərin söyülməsinə münasibətiniz necədir? 

- Səhvlər olur. Amma hakimləri söymək olmaz. O da insandır. Hakimlərə oyun zamanı kənardan çox təzyiqlər olur. "Qəbələ" - "Sumqayıt" oyununda səhv vardı. Ancaq İnqilab Məmmədov söyülməməli idi. "Qarabağ", "Qəbələ" avrokuboklarda Azərbaycanı təmsil edir və burada da hakim səhvləri olur. Demirəm səhvləri gizlədək, əksinə, deyək.

- Söyüş söyməklə bağlı hansısa qanun yoxdur?

- Belə qanun var. Biz onu nəzərə alıb cəzalandırırıq. Buna başqa don geyindiririk, söyüşə görə cəzalanıb yazmırıq.

Son xəbərlər

Orphus sistemi