Ramin Musayev: "Niyə "Fənərbağça"nı aşağı liqaya göndərmədilər?"

Ramin Musayev: "Niyə "Fənərbağça"nı aşağı liqaya göndərmədilər?" "Əsgərlikdə olanda bir litvalını döyüb, şikəst etmişdim"
Futbol
1 Mart , 2016 14:49
Ramin Musayev: Niyə Fənərbağçanı aşağı liqaya göndərmədilər?

Bakı. 1 mart. REPORT.AZ/ "Bizim danışılmış oyunlarla bağlı qərar qəbul etməyə ixtiyarımız yoxdur. AFFA-da müvafiq komitə var. Həmin komitə şübhəli oyunları araşdırır". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. 

O bildirib ki, belə halları sübuta yetirmək lazımdır: "Rusların bir sözü var: "Tutulmayan oğru deyil". Gərək sübut edəsən. İndiyədək yalnız İtaliyada "Yuventus"a ciddi cəzalar verilib. Vəssalam! Türkiyədə "Fənərbağça"nın danışılmış oyunlarda iştirakına dair məsələ qaldırılmışdı. Niyə aşağı liqaya göndərmədilər? Deməyin ki, bircə Azərbaycanda sübut etmək olmur. Azərbaycandan gözəl dövlət, gözəl məkan yoxdur. Gəlin, belə deyək ki, həmin şübhələri sübuta yetirmək üçün əlimizdə lazımı qədər imkana malik deyilik. Deyilən anları tam sübut etmək üçün materiallar yoxdur. Olsa, heç kimi gözləməyib cəza verərəm".

R.Musayev AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun məlum qalmaqallı video ilə əlaqədar cəzalanmamasının səbəbini də açıqlayıb: "Xaqani Məmmədov nə edib? Onun vəkili deyiləm. Sadəcə, 2001-ci ildə kiməsə 1 şillə vurub. Tutub onu içəri salaq? Nə edib Xaqani Məmmədov? Əcəb edib. Elə danışırsınız, sanki xalq düşmənidir. Niyə ona başqa prizmadan baxırsınız? Məsələn, Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri olandan sonra hakimlərimizin səviyyəsi qalxıb. Baxın, Ömər Paşayev, Rəvan Həmzazadə, Əliyar Ağayev, Rəhim Həsənov kimi hakimlər yetişib. Əvvəl bunlar 15 ilə yetişirdi, indi 3 ilə. Rüşvətin yığışdırlmasına baxın. Belə şeylərə diqqət edin. Bunların səbəbkarı Xaqanidir. Əmimoğlu, xalamoğlu, yerlim deyil. İnsan düzün danışmalıdır, vicdanla danışmalıdır. Kimlərəsə xoş gəlsin deyə danışmaq düzgün deyil. Mən əsgərlikdə olanda bir litvalını döyüb, şikəst etmişdim. Amma məni tutmalıdırlar. Həmin söhbətdir. 2001-ci ildə nəsə olub deyə o, cəzalanmalıdır? Bu Xaqaniyə ləkə yaxmaq üçün addımdır. Onu ortaya çıxaran insanlar niyə 15 ildə bunu etmədi? Əliyar Ağayev Avroliqanın qrupunda oyun idarə etdi deyə, ortaya çıxardılar. Budur bizim paxıllığımız".

Son xəbərlər

Orphus sistemi