Yuxarı
    Bağlamaq

    ​Ramin Musayev: "Klublarda kimin hansı futbolçunun pulunu mənimsədiyini yaxşı bilirik" - MÜSAHİBƏ

    Olmaz ki, o pulu faizsiz, minnətsiz, dövlətin, klubun adına ləkə gəlmədən ödəyəsən?

    Bakı. 22 yanvar. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin "Report"a müsahibəsi


    "Xəzər Lənkəran" bata bilməz, o boyda gəmiləri var"

    - Azərbaycan Premyer Liqasında mövsümün gedişini necə dəyərləndirirsiniz?

    - Ümumi vəziyyəti nəzərə alsaq, çox gözəl. Bəzi klublarda problem yaşandı. Çox xırdalayanda cümlələrimiz təkrarlanmış çıxır. Buna da şükür. Fikrimcə, yarıya qədər belə gəlmişiksə, buradan o yana nə qalıb ki? Çayı keçmək üçün suya girməyə qorxursan. Suya girib, ortaya çatanda, deyirsən ki, qabağa gedim. İnanıram ki, bu vəziyyətdən çıxacağıq.

    - Amma çayda batanlar da var. Məsələn, "Xəzər Lənkəran", "Rəvan"...

    - Üzməyi bilirlər. "Xəzər Lənkəran" bata bilməz. O boyda gəmiləri var, narahat olmayın.

    - "Rəvan"a Premyer Liqaya qoşulması üçün məbləğ vəd olunmuşdu?

    - Bu, müqavilədə var? Qeyri-rəsmi söhbətlərə inanma. Belə şey eşitməmişəm.

    - Klublara PFL-ə olan borclar səbəbindən transfer qadağası qoyulub. Amma hamısı transfer edir...

    - Hansı komanda transfer edib? Məgər onlar oyunçularının çempionatda iştirak etməsi haqda lisenziya alıblarmı? Əsas olan da budur. Yoxsa belə nə var ki?! Hələ "Qəbələ" və "İnter"lə borc məsələsində razılığa gəlinib. "Rəvan"la da demək olar ki, anlaşma əldə olunub. Amma bütün klublarla yox...

    - "Neftçi" ilə necə, borc məsələsində danışıqlar aparılır?

    - Xeyr, "Neftçi" rəhbərliyinin başı çox qarışıqdır. Onlar elmi işlərlə məşğuldurlar.

    - Keçmiş klubunuza hər hansı bir güzəşt olunacaq?

    - Niyə? Güzəşt olunsa, "Xəzər Lənkəran"a, "Kəpəz"ə, "Qəbələ"yə olar. Çünki bunlar bölgə komandalarıdır. "Neftçi"yə nəyə görə güzəşt olunmalıdır ki...

    "Zirə" avrokuboklara vəsiqə qazansa, UEFA-dan güzəşt xahiş edəcəyik"

    - Komandaların maliyyə vəziyyətlərini nəzərə alsaq, çempionatın geridə qalan hissəsində rəqabətin zəifləyəcəyini gözləmək olar?

    - İnanmıram, narahat olmayın. Bu il "Qəbələ" çempion olmaq istəyir. Keçənilki uğurun davamını gətirmək və daha böyük uğur qazanmağa çalışır. Klub rəhbərliyi, baş məşqçi və komandanın arzusu gördükləri işlərlə üst-üstə düşür. Bu, inandırıcıdır. "Qarabağ" da ardıcıl 3-cü dəfə çempion olaraq, "Neftçi"nin rekordunu təkrarlamaq istəyir. İnanmıram ki, "Kəpəz" uğur əldə etmək istəməsin. Bu komanda o boyda Gəncəbasarı - futbol məktəbi olan şəhəri təmsil edir. Onlar da Avropada öz sözlərini demək istəyirlər. Şahin Diniyev buna layiq baş məşqçidir. Çox sevindiric haldır ki, "Zirə" ilk dəfə Premyer Liqada iştirak etməsinə baxmayaraq, 3-cü pillədədir. Artıq avrokuboklara da namizədlərdən biridir. Baxmayaraq ki, klublar xaricdədirlər, həm burada, həm də orada gördükləri işlərlə maraqlanırıq, məlumatımız var. Yaxşı bilirik ki, hansı klubda kim nə işlə məşğuldur, kimin arzusu, istəyi nədir, kim hansı futbolçunun pulunu mənimsəyir, kim menecerlə danışıb pul götürür. Amma "Zirə"nin gördüyü işlərdən bəlli olur ki, gözəl komanda yaradıblar və belə davam etsə, onlar da Avropada öz sözlərini deyəcəklər.

    - "Zirə" avrokuboklara vəsiqə qazansa belə, UEFA qaydalarına əsasən, Premyer Liqadakı ilk mövsümündəcə lisenziya ala bilməz. Belə olan halda PFL tərəfindən hansı addım atılacaq?

    - Belə olarsa, PFL tərəfindən AFFA-ya xahiş olunacaq və UEFA-ya birgə məktub göndəriləcək. Təki onlar yer tutub çıxsınlar, biz UEFA-dan xahiş edəcəyik ki, güzəşt olunsun.

    "Qaşınmayan yerdən qan çıxarmaq istəyirlər"

    - Mövsümün ilk yarısında hakimlikdən razı qaldınız?

    - İlk dövrənin 5-6 turunda demək olar ki, razı deyildim. Hakimlərdə bir az səhvlər olurdu. Onlar yüngül səhvlər idi, amma olmamalıdır. AFFA-nın baş katibi Elxan Məmmədovun vasitəsilə genişmiqyaslı tədbir gördük, sxemi dəyişdik, amma təfərrüatlarını açıqlamayacağam. Sonra 10-12 tur elə səhv olmadı, əla keçdi. Sualı verməmişdən əvvəl özüm cavablandırım: Baxmayaraq ki, hakimlərimiz təlim-məşq toplanışını ölkə daxilində keçirlər, amma şəraitləri çox xoşuma gəldi. İki gün öncə orada idim. "Dalğa Arena"nın layihəsini fikriləşən mühəndisə halal olsun. Gözəl şəraiti, mənzərəsi, yaxşı yeməkləri, stadionu yanında... Get oyna, məşqini et və gəl, dincəl. Dəniz kənarı, təmiz havası, yoddan nəfəslərinə alırlar. Yaxşı məşq edir, dincəlir və oyunlara gedirlər. Elə mən gedəndə də hakimlər oyun idarə edirdilər. Şəraitlə maraqlandım, hamısı razılıq etdi. Orada bizim də nümayəndəmiz var. Türkiyəyə getmək istəyirdik. Bizi oraya aparan firmanın rəhbərinin dediyi oyun sayı buradakı ilə eyni oldu. 10-15-ə yaxın oyun dedi. Həmin say burda da var.

    - Bəs Antalya toplanışının təxirə düşməsinə səbəb nə oldu?

    - 10-15 oyun üçün 40 nəfər aparmağın nə mənası var? Əvvəl 60-80 oyun olurdu. Hələ elə oyunlar olurdu ki, getmirdik, yağış imkan vermirdi. Ancaq bu il yağış yağmasa 15 oyun olacağına ehtimal vardı. O da ehtimal idi. Yalandan bu qədər insanları ora aparmağın nə xeyri olacaqdı? Ona görə belə qərar gəldik ki, yaxşısı evdə olmaqdır. Elə düşünməyin ki, pula görə getməmişik.

    - Ancaq ictimaiyyətdə bu cür fikir formalaşıb...

    - İctimaiyyət qaşınmayan yerdən qan çıxarmaq istəyir. Bu da mətbuatın işidir, borcudur, belə də işləməlidir. Amma indi toplanış keçirilən bazanın qiyməti heç də ondan geri qalmır.

    "Elə insan görürsən ki, oturub "Bentley"də hərəkəti özünə uyğun deyil"

    - AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova rüşvət təklif edilən video yayıldı və yaradılan komissiya faktları əsassız sayaraq, belə desək, iddianı rədd etdi. PFL prezidentinin bu məsələyə münasibəti necədir?

    - Bu suala PFL prezidenti kimi yox, Ramin Musayev kimi cavab verim. Əvvəla ataların bir yaxşı məsəli var: Arxadan atılan daş topuğa dəyər. O hadisə 2001-2002 mövsümündə olmuşdu. O görüntünü kim, nə məqsədlə ortaya çıxardı? Belə bir şey vardısa, bunu niyə 2001, 2004, 2006, 2010-da çıxarmırdılar? Gətirdilər 2015-də ortaya atdılar. Bunlar qara fikirli insanlardır. Əvvəla, oyunun nəticəsinə baxaq. Hakimin dediyi ilə nəticə üst-üstə düşübmü? İkinci məsələ: O görüntünü ortaya çıxaran elə pak insandır? O görüntünün çıxmasında əli olanlar özləri pakdır? Mən jurnalistdən danışmıram, söhbət futbol ictimaiyyətindən gedir.

    - Ancaq bir məsələ də var. Bu görüntülər 2004, 2006, 2010-cu illərdə ortaya çıxsaydı, onda da deyiləcəkdi ki, indi niyə çıxdı? Nəticəyə təsir etməsə də, əməkdaşınızın mənə "15 dənə verirlər" deməsini necə başa düşərsiniz?

    - Mən bunu vaxtilə eşitdim, başa düşdüm və qərarımı qəbul etdim. Həmin 15 məsələsini mən də eşitdim və o dəqiqə qərarımı verdim, amma açıqlamaq istəmirəm.

    - "Xəzər TV"də demisiniz ki, Rövnəq Abdullayev AFFA prezidenti olana qədər rüşvət almayan hakim olmayıb. İndi var?

    - Biri də ola bilməz.

    - Ancaq dediyiniz dövrdən qalan hakim var - Fariz Yusifov...

    - Rövnəq Abdullayevin bir sözü var. Deyir şübhələnsək belə, qovmalıyıq. Sübut etmədən qovmalıyıq. Çalış özünü şübhələndirmə. Bu gün tam əminəm ki, bizim hakimlərimizdə həmin şübhədən söhbət də gedə bilməz. Gözümlə görsəm də inanmaram, mümkün deyil. 

    - Xeyli hakimlərimiz var. Ancaq cəmi bir nəfər - Əliyar Ağayev Avropa Liqasında oyun idarə etdi. yetişdirilən hakimlərin sayını nəzərə alsaq, cəmi bir hakimin bu uğuru qazanması normaldır?

    - İndiyədək belə bir uğur qazanan bir nəfər olmuşdu? Və ya keçmiş SSR-i məkanından hansı ölkələrdən hakimlər var orda? Əliyarın bu gün ora düşməsi asan məsələdir? Hələ siz ikincini də istəyirsiniz. Tələsməyin, 2-ci, 3-cü də olacaq. İş bu cür davam edərsə, say artacaq. Amma vaxtilə deyirdilər ki, mümkün deyil. Əliyarın oraya düşməsi çox insanların daxilini açdı.

    - Yəqin Xaqani Məmmədovla bağlı görüntünü nəzərdə tutursunuz....

    - Tək video məsələsi deyil. Bilirsiniz necədir? Gərək insanın damarından təmiz qan axsın. And olsun, mən tanımadığım Azərbaycan ailəsini xoşbət görəndə sevinirəm. Elə bilirəm ki, öz doğmam xoşbəxtdir, sevinirəm. Elə insan görürsən ki, oturub "Bentley"də hərəkəti özünə uyğun deyil. Onu normal insan saymaq olmaz. Mədəni insan görəndə sevinirsən ki, millətimizin belə nümayəndəsi var. Amma insan var ki, belələrini görəndə paxıllığı tutur: Niyə filankəsdə var, məndə yoxdur? Hər kəsin bir qisməti var. Əliyar mənim qohumum, birbaşa tanışım deyil. İnanmıram ki, mən gedəndən sonra Əliyar bir dəfə zəng etsin ki, Ramin müəllim necəsiniz? Çünki burda ola-ola zəng etmir. Qalmışdı gedəndən sonra zəng etsin. Ancaq mənim millətimin balası olduğu üçün sevinirəm. Artıq o Azərbaycandan kənarda Əliyar deyil, Ağayev deyil, hakim deyil. O, azərbaycanlıdır. yalnız bunu fikirləşmək lazımdır. Amma bəziləri bu haqda düşünmür. Çalışırlar ki, Xaqanini ləkəyək, Ramini ləkələyək, amma onlar qabağa getməsinlər. Niyə? Demək, qanın təmiz deyil. Nəyə görə sevinmirsən? İnternetdə baxıram ki, hansısa azərbaycanlı döyüşçü rinqdə qalib gəlib. And olsun, sevincdən gözlərim yaşarır. Amma heç tanımıram kimdi. Əsas odur ki, azərbaycanlıdır. Biz bir-birimizə tutunmalıyıq. Bu da bizim millətdə çox azdır. Ancaq qazmağı bacarırıq. Gərək külüng bizim millət üçün olmayaydı.

    "FİFA və UEFA klublarımıza məcburi şəkildə pullar ödətdirir"

    - Bildirmişdiniz ki, klubların topa olan borcları da var. Ancaq bir neçə klub rəsmi olmasa da, topların baha satıldığını bildirib...

    - Mən eşitməmişəm. Kənarda danışanlar gəlib üzümə desinlər. İnsafla, vicdanla danışmaq lazımdır. İnsan nə qədər kiminsə dalınca danışar? İnsan nə qədər baxa-baxa yalan deyər? Həyatda ən ağır cəza vicdan əzabıdır. O insanı da, özümü də vicdana buraxıram.

    - O zaman qiymətini açıqlayın...

    - 100 manat bu topun qiymətidir. Bu qiymətə gətirmişik. Bir ara daxili yoxlamamız oldu. Sual verdilər ki, topu necə belə ucuz almısınız? Deyirlər biz baxırıq, siz 50 faiz ucuz almısınız. Siz də həmin suallı verirsiniz. Biz baha satmırıq axı. Çünki burada gəlir, qazanc məqsədimiz yoxdur. Bu gün anbarda təxminən 400 top qalıb. Həin toplar avro ilə alınıb. Həminki vaxtın kursuna vurub manatla alırıq. İndi hesablasaq görərik ki, biz uduzmuq. Ancaq udmaq, uduzmaq haqda yox, futbolumuzun qazanmasını fikirləşirik. Vaxt vardı rayona gedəndə şarla oynayırdıq. İndi hamı eyni topla oynayır, nəyi pisdir ki? Biz heç kimi məcbur etmirik ki, topu bizdən alsın. Heç bununla maraqlanmıram da. Maraqlandığım odur ki, sabah heç bir klub "Topu hardan alım?" deməsin. İstəyirsən get başqa yerdən al. Əsas məsələ keyfiyyətdir.

    - Bayaq "Neftçi" rəhbərliyinin elmi işlərlə məşğul olduğunu dediniz. Amma klub həm də ilk dəfə audit şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb...

    - Bundan xəbərim yoxdur. Kim xərcləyir, kim nə iş görür, özü bilər. Mənim nəyimə lazımdır? İndiyədək heç kimin pulunu saymamışam. Kimdə var, kimdə yoxdur, mənlik deyil. Kim nə istəyir, edir, özü bilər. Vacib amil futbolun olması, camaatın maaşlarının vaxtında verilməsi, Azərbaycana xaricdən şikayət gəlməməsidir. Şəxsən ölkədən kənarda olanda öz-özümə məsuliyyətim birə beş artır. Çünki mən azərbaycanlıyam, hansısa insanda özümə qarşı mənfi rəy formalaşdırsam, o, mənim millətimə qarşı olacaq. Ancaq istər-istəməz ilk olaraq insanda milləti haqda rəy yaranır. Əfsuslar olsun ki, son zamanlar UEFA və FİFA-dan bizim klublara gözəl rəy gəlmir. Məcburi şəkildə pullar ödətdirilir. Sən onsuz da bu pulu ödəyəcəksən, qaça bilməyəcəksən. Olmaz ki, elə onu faizsiz, minnətsiz, dövlətin, klubun adına ləkə gəlmədən ödəyəsən?

    "Qoymaram ki, işçilərim acından ölsün"

    - Məlum səbəblərdən PFL-in büdcəsində azalma gözlənilir? 

    - Bir əhvalat danışım: Birinin borcu olur. Borc verən gəlir ki, pulumu nə vaxt verəcəksən? Borclu deyir: "Darıxma, yaxşı planım var. Yolun qırağına tikan əkmişəm. Yazda aşağı kəndin camaatı qoyunlarını aparanda gəlib bu yoldan keçəcəklər. Həmin qoyunların yunları ilişəcək bizim tikanlara və həmin yunları sap edəcəyəm. O sapdan da corab hörüb satacağam və sənin pulunu verəcəyəm". Bizdə də büdcə elədir.

    - Bəs Premyer Liqanın titul sponsoru nə işə baxır? 

    - Fikirləşirsiniz ki, sponsorun verdiyi pul o qədərdir ki, bizə bəs edər? Xeyr. Futbola ayırdıqları pulu sırf bizə versələr, bəs edər. Amma çempionat oyunlarında mətbuat nümayəndələrini bölgələrə aparırlar. Ötən il də Antalya səfəri "Topaz"ın sponsorluğu ilə olmuşdu. Biz büdcə ilə yaşamırıq. Bizə sırf deyilmir ki, büdcə 2 milyon olacaq. Olmayıb, ola da bilməz. Bu rəqəmdən çox aşağıdır. Gəlin büdcə deməyək, PFL-in xərci deyək. PFL-in illik xərci 1 milyon manat civarındadır. Bütün xərcləri nəzərə alsaq, bu qədərdir.

    - Demək, klublar pul ödəməsə, PFL yaşaya bilməz? 

    - Yox, acından ölməz. PFL-in mənim kimi rəhbəri var. Gəlir olmayacaq, özüm tapacağam. Qoymaram ki, işçilərim acından ölsün. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi