Ramin Musayev: "Günahı sübuta yetirilən hakimi qovaram"

Ramin Musayev: "Günahı sübuta yetirilən hakimi qovaram" "Azərbaycan çempionatının UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü yerdə olması sevindirici haldır"
Futbol
5 İyul , 2016 12:20
Ramin Musayev: Günahı sübuta yetirilən hakimi qovaram

Bakı. 5 iyul. REPORT.AZ/ "Mən 8 ildir bu quruma rəhbərlik edirəm və gördüyümüz işlərdən hər kəs məlumatlıdır".

"Report"un məlumatına görə, bunu PFL prezidenti vəzifəsinə üçüncü dəfə seçilən Ramin Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycan çempionatının UEFA tərəfindən aparılan sorğu nəticəsində 24-cü yerdə olması sevindirici haldır: "Amma Peşəkar Futbol Liqası (PFL) yaranana qədər mövqeyimiz 44-cü pillə idi. Bu, mənim yox, UEFA-nın yoxlamasının nəticəsidir. Son 8 ildə ən çox sıçrayış edən çempionat Azərbaycan Premyer Liqasıdır". 

R.Musayev bildirib ki, PFL yaranana qədər əvəzedici heyət yox idi: "Klubdan gəldiyim üçün bu işi görmək çətin olmadı. Klubda çalışarkən məşqçilərdən eşitdiyim, bildiyim çətinliklərin qarşısını almaq üçün komandalarda əvəzedici heyət yaratdıq. Bu, balaca iş kimi görünə bilər. Ancaq bu addım çoxsaylı gənc oyunçuların Premyer Liqaya gəlməsinə, inkişafına səbəb oldu. "Neftçi"də işləyəndə Bakıda başqa, Sumqayıtda, Gəncədə başqa topla oynayırdıq. Qazaxda şarla oynayırdıq və futbolçular da etiraz edirdi. Ancaq biz bunları təşkil etdik. PFL-in top satdığını, pul qazandığını deyirdilər. Allaha and olsun ki, belə deyil. Topların qiymətini açıqlamayacağam. Niyə? Çünki ucuz olması üçün onu başqa yolla gətirməliyəm. Amma oğurluq deyil. Fikrimcə, PFL-dən əksər jurnalistlər razı qalar. Mən haqqın tərəfindəyəm".

PFL prezidenti seçkidəki səsvermədən söz açıb: "Əleyhimə əl qaldıran olmadı. Səkkiz klubun hamısı lehimə səs verdi. Çempionat zamanı emosiyalar olur. Oyun vaxtı bütün klublar mənə zəng edir. Oyundan sonra mənə zəng vuran və cavab vermədiyim klub rəsmisi olmayıb. Bu səkkiz ildə hər bir oyunun mübahisəli anlarını, epizodlarını çəkmişik. Əksəriyyət Xaqani Məmmədovdan danışır. Bu gün hakimlərdən heç biri rüşvət barədə danışa bilməz. Onların qarşısını aldıq, qovulanlar oldu. Rövnəq müəllim də deyib ki, şübhələndiyimiz hakimləri belə qovmağa hazırıq. Amma mən şübhələndiyim yox, günahı sübuta yetirilən hakimi qovuram. Son mövsümdə hakimlikdən çox şikayət edən klub vardı. Amma bunun belə olmadığı sübuta yetirildi. Mən klubda işləmişəm və futbolçuların nə çəkdiyini bilirəm. Sizlər bizim işimizin asan olduğunu hesab edirsiniz? Klublarla söhbətimiz olur, şikayət edirlər. Bizim operatorlar çox peşəkardır və hər bir mübahisəli epizodu çəkirlər. Görüntülərin 90 faizində hakimin səhv olub-olmadığını görmək mümkündür. Əliyar Ağayevin 30 yaşı olmasa da, ancaq artıq 24-cü təyinatını aldı. Azərbaycanlı hakimin avrokuboklara təyinat alması sevindirici haldır. Üç hakimimiz avrokuboklara təyinat alır".

R.Musayev seçkidə rəqibinin olmamasına belə münasibət bildirib: "Güləşçi olmuşam və mübarizə aparmağı sevirəm. Bir dəfə yarışda rəqibim gəlmədi və üzüldüm. Rəqibimin olmaması ilə bağlı yalnız bunu deyə bilərəm. Amma namizədin, təbliğatın olması daha yaxşıdır. PFL prezidenti postunda əvvəlkindən daha artığını görməyə çalışacağam. Biz hər kəslə mehribanıq. Bu dünyadan yalnız rəhmət aparacağıq. Mən özümdən razı insan deyiləm. Həyatda qorxu nədir bilmirəm. Əgər çalışdığım işdən zövq almıramsa, öhdəsindən gəlmirəmsə, orada işləmərəm. Tərifi sevmirəm, yerində olan tənqidi xoşlayıram. Əsasnamədə seçkidə Premyer Liqa klublarının rəhbərlərinin iştirak etməli olduğu əksini tapıb. Seçkilər vaxtı I divizionda limit dəyişikliyi ilə bağlı AFFA rəhbərliyindən razılığı aldım. 24-25 yaş futbolçu üçün çox deyil".

O, "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan kubokunun finalında baş verən hadisələrdən də danışıb: "Oyundan əvvəl elə bir şou yaratmışdıq. Tüstüdən Azərbaycan bayrağı yaratdıq. Amma qiymət verilmədi. Hər kəs davadan danışdı. Bir təpik, bir şillə PFL-in aylarla əziyyətini hədər apardı. Göz gördüyündən qorxur. Həmin oyunda nə qədər əzab çəkdim. İki aylıq hazırlığımız, əziyyətimiz heç oldu. Keçmişə qayıtmayaq. Polis işçisi olmuşam deyə onların tərəfini saxlamıram. Polislərdən haqsızlıq da görmüşəm, amma hamısı elə deyil. Azərbaycanda hüquq-mühafizə orqanları olmasa, bir-birimizi yeyərik. Niyə qadınlar, qızlar oyuna gəlmir? Çünki yersiz hərəkətlər, söyüşlər olur. Polisi qınamayın. Biz deyirik ki, vuraq öldürək, sonra polis gəlsin, araşdırsın. Polis də öz millətimizdəndir, işini görür. Məsələn, "Qarabağ" və "Neftçi" komandalarının kubok oyununda polislərdən kimsə fişəng yandırarsa mane olmamağını xahiş etdim. Buna görə kimsə tutuldu? Yox! Fransada camaatı necə döyürdülər? Heç heyvanı elə döymürlər".

R.Musayev öz maaşını da açıqlayıb: "Mən 1 100 manat maaş alıram. Biznesim var və dolana bilirəm. Əvvəllər futbolçularla bağlı həvəsləndirici mükafatlar vardı. Amma effekt vermədi. Çıxdılar, tanındılar, futbolu da buraxdılar (gülür)".

Son xəbərlər

Orphus sistemi