Ramin Musayev: "Bizə şübhəli oyunlarla bağlı ölkə xaricindən məktublar gəlir"

Ramin Musayev: "Bizə şübhəli oyunlarla bağlı ölkə xaricindən məktublar gəlir" "Kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun?"
Futbol
1 Sentyabr , 2015 15:11
Ramin Musayev: Bizə şübhəli oyunlarla bağlı ölkə xaricindən məktublar gəlir

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Ötən il maraqlı çempionata şahidlik etdik. Deyərdim ki, komandalar öz oyunları ilə Premyer Liqa klublarından geri qalmadılar". "Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan I Divizionunun püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. 

Növbəti çempionatda 14 komandanın iştirak edəcəyini xatırladan R.Musayev bildirib ki, özü komanda sayının çox olmasının tərəfdarıdır: "Komanda sayı nə qədər çox olsa, iş yerlərinin sayı da bir o qədər çox olar, çox sayda oyunçu çıxış edər. Amma bizim o qədər büdcəmiz yoxdur ki, komandalara kömək edək. Vaxtilə olub, kömək etmişik. Bunu iştirakçı komandalar da təsdiqləyə bilərlər. Biz müvafiq yollarla klublara dəstək olmuşuq. Onlara geyim dəstləri, toplar hədiyyə etmişik. İndi də çalışırıq ki, bacardığımız qədər sizə kömək edək". 

PFL prezidentinin sözlərinə görə, ötən il I Divizionda oyun alqı-satqısı ilə bağlı müəyyən söz-söhbətlər olub. O, eyni halların yenidən təkrarlanacağı halda, ciddi tədbirlərin görüləcəyini açıqlayıb: "Həyatım boyu bir əqidəm olub. Güclünün qalib gəlməsini istəmişəm, ədalət tərəfdarı olmuşam və sözü birbaşa demişəm. Bu il də belə bir şey olacaqsa, mən sizdən dəstək gözləyəcəyəm. Futbol mübarizə oyunudur. Mən başa düşə bilmirəm ki, kişi kişiyə necə deyə bilər ki, çıxın uduzun? Çempionatda iştirak edən komanda təkcə öz adı üçün oynamır. Həmin komandalar ölkəmizin adını daşıyır. Belə şübhəli oyunlarla bağlı bizə ölkə xaricindən məktublar gəlir. Belə olmaz… Bilsək ki, hansısa komanda oyun alqı-satqısına gedib, biz ciddi tədbirlər görəcəyik. Mən vəzifəmdən istifadə eləmirəm, sadəcə istəmirəm ki, kiminsə haqqı tapdansın”.

R.Musayev “Şuşa Qarabağ”ın mübarizədən kənarda qalmasından və ötənilki süni yaşazaltma probleminə qarşı görülən tədbirlərdən də danışıb: “Ötənilki "lipa" probleminə qarşı tədbirlər görülüb. PFL tərəfindən hazırlanmış plastik və hologramlı lisenziyalarda şəkilləri dəyişmək mümkün deyil. Biz bu problemi həll etmişik. “Şuşa Qarabağ”ın kənarda qalmasına gəlincə, bu, sponsorla bağlı məsələdir. Mən çox şəxslərlə görüşüb, danışmışdım ki, kömək etsinlər. Amma yaxın duran olmadı. Baş məşqçi Nadir Qasımov bu yaşda gəlib komandanı çalışdırdı, canından keçdi. Buna baxmayaraq, komandaya dəstək olmadılar. Heç oyunlarına belə gəlmədilər”.

PFL prezidenti I Divizionun qalibinin Premyer Liqaya vəsiqə qazanacağını söyləsə də, bunun üçün lisenziya şərtlərini indidən yerinə yetirməyin, tələblərə cavab verməyin vacib olduğunu vurğulayıb. 

Qeyd edək ki, 10-11 sentyabra təsadüf edəcək ilk turda "Şəmkir" - "Turan Tovuz", "Ağsu" - "Zaqatala", "Şahdağ" - MOİK, "Mil Muğan" - "Qaradağ Lökbatan", "Bakı" - "Şərurspor", "Energetik" - "Neftçala" və "Göyəzən" - "Bakılı" matçları keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi