Yuxarı

Ramil Şeydayev: "Hələlik "Qarabağ"da qalıb-qalmamaq barədə düşünmürəm"

Ramil Şeydayev: "Hələlik "Qarabağ"da qalıb-qalmamaq barədə düşünmürəm"
Hələlik bəlli deyil

Bakı. 23 aprel. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” xəbər verir ki, 22 yaşlı hücumçu öncə Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirməsi ilə bağlı təəssüratlarını bölüşüb.

- Komandanı təbrik edirəm. Çempion olduğumuz üçün şadam. Son 4 oyunda da qalib gəlməyə çalışacağıq.

Ötən mövsüm “Jilina” ilə Slovakiya çempionu oldunuz. İndi isə Azərbaycanda eyni uğuru təkrarladınız. Bu çempionluqlar arasında nə fərq var?

- Düşünürəm ki, ordakı ilə müqayisədə burada çempion olacağımız aşkar görünürdü. Düzdür, orda da üstün idik. Çempion olmaq həmişə xoşdur.

Erkən çempionluğa görə “Qarabağ”ı Avropada bunu bacaran top-klublara bənzətmək olar?

- Olar, biz də çempionuq.

“Qarabağ”da qalacaqsınız, yoxsa müqavilə ilə məxsus olduğunuz Türkiyənin “Trabzonspor” klubuna dönəcəksiniz?

- Hələlik bəlli deyil.

Bəs, özünüz qalmaq istəyirsiniz?

- Hələlik bu barədə düşünmürəm.

Amma burada davamlı oynamırsınız. Oyun praktikanızdan razısınız?

- Elə də yox. Məşq edirəm, çalışıram. Ardıcıl 3 oyundur meydana çıxıram, baş məşqçi şans verir.

Premyer Liqada cəmi bir qol vurmusunuz. Daha çox fərqlənmək üçün nə çatışmır?

- “Kəpəz”lə görüşdə qol vurdum.

Ancaq xeyli vaxtdır oynadığınız üçün bu, aşağı göstəricidir...

- Nə qədər vaxtdır oynayıram?

Mövsümün əvvəlindən “Qarabağ”dasınız...

- Maksimum 4 oyunda meydana çıxmışam.

Xeyr, daha çoxdur. (Ramil Şeydayev cari çempionatda 11 oyunda iştirak edib – red.) Digər tərəfdən, heyətə düşməməkdə sizin probleminizdir...

- Bəli. Daha çox oynamaq üçün üzərimdə çalışıram.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi