Yuxarı

Rahid Əmirquliyev: "Məni niyə oynatmadığını Qurban Qurbanovdan soruşun" - MÜSAHİBƏ

Kosovo ilə matçda komandamızda heç nə alınmadı

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyevin "Report"a müsahibəsi

- Azərbaycan yığmasının Millətlər Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?

- Bunu necə dəyərləndirim? Turnirdə yaxşı hallar da oldu. Bu, yalnız Farer adaları ilə oyunlarda baş verdi. Hər iki qarşılaşmada rəqibi məğlub edə bildik. Millətlər Liqası bizim üçün yaxşı şans idi və Avropa çempionatına getmək üçün bundan istifadə etmək istəyirdik. Rəqiblər də elə güclü komandalar deyildi. Ancaq futbol belədir. Nəticənin necə olacağını bilmək olmur. Ümumi göstürsək, bu turnir bizim üçün heç də uğurlu olmadı. Qrupdan çıxmalı idik, ancaq bacarmadıq.

- Millət Liqasının bütün oyunları üçün yığma komandaya çağırıldınız. Amma baş məşqçi Qurban Qurbanov heç bir qarşılaşmada sizə şans vermədi. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bütün oyunlarda ehtiyatda olmuşam. Baş məşqçinin qərarı belə olub. Qurban Qurbanovun qərarına heç vaxt qarışmamışam, indi də qarışmaq istəmirəm. Hər bir baş məşqçinin qərarına hörmətlə yanaşıram. Digər futbolçuları heyətdə görüb və onları meydana buraxıb. Bu barədə nə isə demək artıqdır. Bu sual Qurban müəllimə ünvanlansaydı, daha yaxşı olardı. Səbəbləri o, yaxşı bilər. Hər zaman millidə can-başla oynamağa hazır olmuşam, indi də hazıram. Məni niyə oynatmadığını isə özündən soruşsanız, daha yaxşı olar.

- Milli komandaya çağırılıb, amma oynamayan tək siz deyilsiniz. Bu, siz futbolçuları ruhdan salmır?

- Hər bir futbolçu oynamaq, meydanda olmaq və komandaya kömək etmək istəyir. Biz baş məşqçini də başa düşürük. Onun verdiyi qərarlarla razılaşmalıyıq. Hamı millinin düşərgəsində olmaq istəyir. İnanmıram ki, buna görə kimdəsə ruh düşkünlüyü olsun. Əksinə, ehtiyatda olan oyunçu çalışmalı və məşq etməlidir ki, daha hazır formada olsun, növbəti oyunlarda dəvət alsın və meydana çıxsın.

- Kosovo ilə oyunda məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Öncədən bilirdik ki, əsas rəqibimiz Kosovo olacaq. Doğrudan da bu komanda yaxşı futbolçulara malikdir. Məsələn, Almaniya Bundesliqasında oynayan futbolçusu var. Kosovo ilə matçda komandamızda heç nə alınmadı. Rəqib həm istəkli idi, həm də layiqli qələbə qazandı. Bizdə isə heç nə alınmadı. Meydanda nələr fikirləşmişdiksə, heç birini edə bilmədik.

- Millətlər Liqasında Kosovo, Maltanın və Farer adalarının yer aldığı qrupdan çıxa bilmədiksə, qarşıdakı seçmə mərhələrdə nəyə ümid edə bilərik?

- Düzdür, bu, bizim üçün ən asan yol idi. Əvvəl də qeyd etdim, rəqiblər elə də güclü deyildilər. Ancaq bu suala cavab verməkdə çətinlik çəkirəm. Futbol belədir: Alınmayanda alınmır. Bəlkə elə oldu ki, Avropa çempionatının seçmə mərhələnin qrupundan çıxa bildik. Açığı, bu, Millətlər Liqasından çox çətin olacaq. Orada rəqiblər də başqa olacaq. Güclü komandalar çox olacaq. Zəif komandalar bizdən necə xal ola bilirlərsə, biz də güclü komandalardan xal ala bilərik.

- Kosovo ilə matçda Azərbaycanın himni fitə basıldı...

- Bu, çox xoşagəlməz haldır. Bilmirəm ki, onların azarkeşləri niyə belə etdilər. Bunu heç bir fanata və millətə yaraşdırmıram. Belə hərəkətə görə onları başa düşə bilmirəm.

- Özünüz də himnlə bağlı tənqidlərə məruz qalmısınız. Həmin anları xatırlayırsınız?

- Xatırlayıram. Bunu hər zaman demişəm: Mən həmişə himni oxumuşam. Ola bilər ki, kimsə hansısa kadrı tutsun və desin ki, Rahid himn oxumur. Heç vaxt belə hal baş verməyib. Himni hər zaman oxumuşam. Aşağı yaxşı qruplarında - U-17, U-19 və U-21 millilərində də oynamışam və hamısında da himni oxumuşam. Amma bu, kiməsə lazım idi və onu ortaya çıxartdılar. Necə olur ki, Rahid hər zaman himn oxuyur, amma milli komandanın kapitanlıq sarğısı verilən kimi oxumur? Bu söhbətin kimə lazım olduğunu bilmirəm. Amma onu bilirəm ki, bu məsələni ortaya atdılar. Himnə hörmətlə yanaşmışam və hər zaman da oxumuşam.

- Bu, sizi gözdən salmaq üçün düşünülmüş bir plan idi?

- Həqiqətən bilmirəm. Onu kim çıxarıbsa, özü yaxşı bilər. Amma çalışıram ki, elə şeylərə fikir verməyim. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi