Qurban Qurbanov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib

Qurban Qurbanov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib "Püşk bir lotereyadır"
Futbol
24 Yanvar , 2018 16:54
Qurban Qurbanov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib

Bakı. 24 yanvar. REPORT.AZ/ “Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının püşkünün nəticələrini dəyərləndirərkən deyib. 

46 yaşlı mütəxəssis şanslarından sona qədər yararlanmağa çalışacaqlarını bildirib: "Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik. Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibindən xal almağı bacarır. Millətlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də, indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var.

Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik".

Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.

Son xəbərlər

Orphus sistemi