Yuxarı

​Qurban Qurbanov: "Rəqiblərin hər biri güclü komandadır"

Baş məşqçi Avropa Liqasının qrupundakı rəqiblərini dəyərləndirib

Bakı. 28 avqust. REPORT.AZ/ "Qrupu normal dəyərləndirirəm. Püşkatmalar lotoreya kimidir. Qismətimizdə olan bu idi və buna da şükür edirik". Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən bildirib ki, rəqiblərin hər biri güclü komandadır. Onun sözlərinə görə, bu cür komandaları Bakıda görmək Azərbaycan üçün maraqlı olacaq: "Çalışacağıq ki, nə qədər gücümüz var, azarkeşlərimizi sevindirək. Qismətimizdə budursa, durub hansısa komandanı istəmək düzgün çıxmaz. Heç onu etmərəm. Nə qədər potensialımızın olduğunu daha da yaxından öyrənirik".

Təcrübəli mütəxəssis bildirib ki, püşkatmadan əvvəl hansısa komandalarla eyni qrupa düşmək haqda fikirləşməyib. Baş məşqçi Avropa Liqasının qrup mərhələsində çıxış edəcək "Qəbələ" haqda da danışıb: "Qrupu normal qiymətləndirirəm və uğurlar arzu edirəm. "Qəbələ" güclü xarakterə malik bir komandadır. İnanıram ki, yaxşı oyunlarla Azərbaycanı sevindirəcəklər. "Borussiya" ilə biz bir neçə il əvvəl oynamışıq. Ona görə də Roman Qriqorçuka mənim kömək etməyimə ehtiyac yoxdu. Futbolçular da dəyişib. Roman nəyi necə lazımdırsa edəcək".

Q.Qurbanov qeyd edib ki, ilk oyunun hansı komanda ilə harada keçirilməsinin əhəmiyyəti yoxdur: "Onsuz da hər biri ilə oynayacağıq".

Qeyd edək ki, Avropa Liqasının J qrupunda qərarlaşan "Qarabağ" İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubları ilə mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi