Qurban Qurbanov: "Qrupa vəsiqə qazana bilməsək, bizə çətin olacaq"

Qurban Qurbanov: "Qrupa vəsiqə qazana bilməsək, bizə çətin olacaq" Bakı. 22 avqust. REPORT.AZ/ Sabah bizi çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa düşmək üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq.
Futbol
22 Avqust , 2018 21:52
Qurban Qurbanov: Qrupa vəsiqə qazana bilməsək, bizə çətin olacaq

Bakı. 22 avqust. REPORT.AZ/ "Sabah bizi çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa düşmək üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldovada "Şerif"lə keçirəcəkləri Avropa Liqasının "play-off " mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis müsbət nəticə əldə etməyə çalışacaqlarını bildirib:

"Minimum hədəfimiz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdan ibarətdir. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar klub kimi yanaşa bilərik. Azarkeşlərimizin bizdən daha artığını gözlədiklərini çox gözəl anlayırıq. Qrupa vəsiqə qazana bilməsək, bu, azarkeşlər önünə çıxmaq baxımından bizə çətin olacaq. Biz hər cür hallara hazırıq. Pis şeylər haqqında düşünmək istəməzdik. Yaxşı nəticə əldə etməyə çalışacağıq".

Ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları "Şerif"lə builki arasında böyük fərqin olduğunu deyən Qurbanov "Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. İstənilən halda, rəqib yenə bizim üçün təhlükəlidir. Kollektiv, topla daha çox oynamağı sevən komandaya qarşı mübarizə aparacağıq. Həm ötənilki, həm də builki "Şerif" çətin rəqib təsiri bağışlayır".

"Qarabağ"ın baş məşqçisi cəzalı olduğu üçün Tiraspolda meydana çıxmayacaq İnnosent Emeqaranın yoxluğunu itki sayıb. Lakin o, oyuna Emeqarasız hazırlaşdıqlarını söyləyib: "Heyətlə bağlı bəzi problemlərimiz var. Amma buna baxmayaraq, meydanda olan hər bir futbolçunun ən düzgününü etməyə çalışacaqlarını düşünürəm".

Avqustun 23-də Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi