Yuxarı

Qurban Qurbanov: "Qəbələ" çempionluğa oynayan 3 namizəddən biridir" - MÜSAHİBƏ

Bəzi qərarlarda insan azad olmalıdır

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun "Report"a müsahibəsi

- "Qəbələ" ilə yoldaşlıq oyunu keçirdiniz və məğlub oldunuz. Bu haqda nə deyə bilərsiniz?

- "Qəbələ" ilə oyun bizim üçün milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilənin tamamı idi. Sağ olsun "Qəbələ" rəhbərliyi və Roman Qriqorçuk ki, bizimlə əlaqə saxlayıb yoldaşlıq oyunu keçirmək istədiklərini bildirdilər. Biz də məmnuniyyətlə qəbul etdik. Oyundan razı qaldım və az oynayan futbolçuların da şansı oldu. Futbolçular oyunsuz qalmadılar, yəni çox fasilə vermədik. Ümumilikdə, hazırlıqdan, futbolçulardan və oyundan tam razı qaldım.

- Heyətdə əsasən ehtiyatda olan yerli futbolçular yer almışdı. Onlar necə təsir bağışladı?

- Əlimizdə kim vardısa, onları da meydana çıxardıq. Onların hamısı oynamaq imkanı qazandı.

- Yəqin ki, bu oyun sizdə legionerlərin səviyyəsi haqda müəyyən təsəvvür yaratdı...

- Hər bir futbolçunun potensialını bilirik. Bəzi futbolçular vardı ki, bəlkə də bir o qədər oyun təcrübəsi yox idi. Öz formalarının bərpasına yeni başlayırlar, amma şans qazandılar. Düşünürəm ki, bu oyun onlar üçün təcrübə oldu.

- Premyer Liqada rəqabətsizlik hiss etmirsiniz? Çünki yalnız çempionatda "Qarabağ" və "Qəbələ" daha güclüdür. Başqaları gözə görünmür...

- Hər bir komandaya qarşı ağır oyunlar olur. İstər "Neftçi", istər də digərləri mübarizə aparır, rəqabətsizlik deməzdim. Sadəcə, bir qədər diqqətli olmalıyıq. "Qəbələ"nin gücündən danışmağa ehtiyac yoxdur. Həqiqətən də çox yaxşı formalaşmış komandadır. Yaxşı baş məşqçiləri və futbolçuları var. Bu çempionat bəlkə digərlərindən də ağır ola bilər və bu səbəbdən diqqətli olmalıyıq.

- Əvvəlki illərlə müqayisədə cari mövsümdə "Qəbələ" daha ciddi rəqib olacaq. Ötən il "Neftçi" və "İnter"i böyük xal fərqi ilə üstələdiniz. Amma "Qəbələ" indi "Qarabağ"ın ardındadır...

- Mən təkcə "Qarabağ"ı deməzdim. "Qəbələ" çempionluğa oynayan 3 namizəddən biridir.

- Avropa Liqasında "Monako" ilə qarşılaşacaqsınız. İtaliyanın heyətində "Monako"nun futbolçusu olan əl-Şəravi də Bakıya gəldi və yığmaya qol vurdu. Ümumiyyətlə, "Monako" ilə qarşıdakı 2 oyun haqda nə düşünürsünüz?

- Burada düşünüləsi bir şey yoxdur. Sadəcə, komandaların güclərini və oyunçuların ustalıq səviyyələrini bilirik. Sadəcə düşünürəm ki, rəqiblərə qarşı yaxşı mübarizə aparacağıq. Hələ oyunların vaxtına var. Qarşıda çempionat oyunları var. Bilirik ki, bizi çətin rəqiblər gözləyir.

- Əl-Şəravini ayrı izləmək sizə hazırlıq baxımından hər hansı bir üstünlük verdi?

- Əlbəttə ki, hər futbolçunu canlı izləmək böyük üstünlükdür. İzləyəndə onu daha yaxından tanımaq olur.

- Rəşad Sadıqovun karyerasını bitirmək ehtimalı ilə bağlı fikirlərinizi bildirərdiniz...

- Rəşad qərarını özü verməlidir. Məşqçi kimi mənim komandama belə bir oyunçu çox lazımdır. Çalışır ki, komandaya həmişəki kimi fayda versin. Ancaq millidəki karyerasını özü hardasa daha yaxşı bilir. Düşünürəm ki, Rəşad kimi oyunçuya hər zaman ehtiyac var. Ancaq bəzi qərarlarda insan azad olmalıdır.

- Namiq Yusifovun karyerası ilə bağlı nə düşünürsünüz? Avropa Liqasında sifariş olunmayıb, ölkə çempionatında da gözə dəymir. Ondan necə faydalanmaq fikriniz var?

- Biz ondan faydalanırıq. Hər bir futbolçunun karyerası haqda mənim məlumat verməyim bir az düz çıxmaz. Avropa Liqasında sifariş üçün müəyyən bir say var və biz hər kəsi sifariş edə bilmərik. Namiqdən başqa sifariş edilməyən futbolçular da var. Ölkə çempionatında çıxış edirlər. Biz hər futbolçudan maksimum dərəcədə yararlanmağa çalışırıq.

- "Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya yığmasının heyətində Avropa çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Bu haqda nə deyə bilərsiniz?

- Əlbəttə ki, "Qarabağ"ın futbolçusunun Avropa çempionatında oynaması, yarışda iştirakı sevindiricidir və yaxşıdır. Xüsusilə də Ermənistandakı qələbədən sonra bu bizim üçün daha da maraqlı oldu. Aqolli belə uğurlara layiq futbolçudur. Çünki çox peşəkar və öz üzərində çalışan biridir. Həmişə intizamı qoruyub saxlayan futbolçudur və belə turnirlərdə iştirak etməyə layiqdir. Bu səbəbdən onu təbrik edirəm. Şadam ki, Aqolli belə bir turnirdə iştirak edir.

- 2016-cı ilin iyununda "Qarabağ"ın Aqolli ilə olan müqaviləsi başa çatır. Müqavilə müddətinin artırılması ilə bağlı işlərə başlanılıb? Hər halda onun Avropa çempionatında "Qarabağ"ın futbolçusu kimi çıxış etməsi daha önəmli olardı...

- Hələ müqavilə müddətinə var. Biz futbolçu ilə hər hansı bir turnirdə iştirakına görə müqavilə bağlamaq istəmirik. Buna görə də Aqolli ilə müqavilə bağlamışdıq və bitmə vaxtına var. Düşünürəm ki, hələ Aqolli bir neçə il də yaxşı futbol oynamaq gücündədir. Onun buna xarakteri var. Hələ mövsümün sonuna qədər vaxt var və bunu fikirləşəcəyik.

- Ermənistanla ilk oyundan sonra futbolçunu mükafatlandırdınız. Bu dəfə Aqolliyə hər hansı bir mükafat nəzərdə tutulub?

- (Gülür) Bir şey fikirləşərik...

- Amma qaydalara əsasən, UEFA futbolçusu millidə çıxış edən klublara mükafat ödəyir...

- Deyirsiniz o mükafatdan Aqolliyə ayıraq? O, son oyunu oynamayıb, əlli faiz mükafatı bölərik (gülür).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi