Qurban Qurbanov: "PAOK-a veriləsi 5 milyonumuz yoxdur"

Qurban Qurbanov: "PAOK-a veriləsi 5 milyonumuz yoxdur" Baş məşqçi: "O qədər olub ki, məşqçilər bəzi hərəkətlərimə göz yumublar"
Futbol
8 Aprel , 2018 19:07
Qurban Qurbanov: PAOK-a veriləsi 5 milyonumuz yoxdur
Report.az

Bakı. 8 aprel. REPORT.AZ/ "Futbolçulara baxırıq, bir oyunla fikir bildirmək düzgün olmaz. Açığı, bütün oyunçuların hər bir matçını analiz ediririk".

"Report"un məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Zirə" – "Qəbələ" görüşünü canlı izləyən Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

46 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı turlarda da yığmanın mart toplanışına olmayan futbolçulara baxacaq: “Statistik göstəriciləri götürüb, maraqlanırıq. Təxminən 3-5 görüşdən bir ümumi analiz aparırıq. Futbolçuların hazırlıq səviyyəsinə, nə dərəcədə faydalı olmalarına baxırıq. Qarşıdakı turlarda da bizimlə toplanışda olmayanların durumlarına baxacağıq".

- Bu matçda məcburi dəyişiklik oldu. “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı zədələndi və onun yerinə Aqil Məmmədov meydana çıxdı. O da yığmaya namizədlərdən hesab olunur. Sanki artıq çəkisi var...

- (Gülür) Elə mənim də gözümə ilk bu dəydi.

- Ruslan Qurbanov bu gün “Qəbələ”nin heyətində cinah müdafiəçisi kimi çıxış edir. Özünü necə göstərir?

- Bu, ilk deyil. Baş məşqçiləri bəzi matçlarda bu mövqeyə qoyur. Məsələn, “Keşlə” ilə görüşdə sağdan hücumçu mövqeyinda oynayırdı. Məni sevindirən odur ki, baş məşqçi futbolçunu harada qoysa, oynaya biləcəyi məsuliyyəti hiss etdiyi üçün bu cür edir. Ondan həm müdafiədə, həm də hücumda istifadə edir.

- Millinin toplanışına “Zirə”dən heç kim dəvət olunmamışdı. Bu gün diqqətinizi çəkən futbolçu var?

- Təkcə bu gün deyil, bütün oyunlarını izləyirik. Hər toplanışda fərqli adlar ola bilər. Ola bilər ki, hansısa futbolçunun hazırlıq səviyyəsi həmin anda digərlərindən yaxşı olsun. Kimsə bu gün çağırılmayıbsa, bu, onun sabah da sıralarımızda olmayacağı demək deyil. Hamını nəzarətdə saxlamağa çalışırıq.

- Necə oldu ki, millinin düşərgəsində intizamsızlığa görə cəzalandırdığınız Elvin Yunuszadəni bağışladınız? Üçüncü dəfə belə hal olsa, günahından keçəcəksiniz?

- Elvin elə bir insandır ki, ondan bu cür şeyləri 3 yox 13-cü dəfə də gözləmək olar (gülür). Bu cür hallarda özüm futbol oynadığım vaxtları gözümün önünə gətirmişəm. O qədər olub ki, məşqçilər bəzi hərəkətlərimə göz yumublar. Özlərini görməzliyə vurublar və bəzi hallarda bağışlayıblar. Futbolda belə hallar olur. Amma cəza verilməsi mütləqdir. Elə olur ki, 10 gün cəza alır və ya böyük məbləğdə pul cəriməsi kəsilir. Komandada 20 fərqli futbolçu varsa, bu cür hallara mütləq rast gələcəyik. Hətta evdə 3-5 uşağın varsa, onlardan biri ərköyün olur. Hirslənirsən, amma sonra bağışlayırsan. Səhvini başa düşsün, özünü yığışdırsın. Tək ona yox, hamıya aiddir. İşini sevsin. Təklikdə söhbətimiz oldu. Düşünürəm ki, burada danışmağa ehtiyac yoxdur.

- Almaniyanın III liqasında çıxış edən “Proyssen Myunster”lə iki illik müqavilə bağlayan Rüfət Dadaşov yenidən Azərbaycan millisinə dəvət almaq üçün peşəkar klubu seçdiyini söyləyib. Onu və intizamsızlığa görə “Ayntraxt”dan qovulan qardaşı Renat Dadaşovu yığmada görə biləcəyikmi?

- Hər toplanışa 30-40 nəfər dəvət edə bilmərik. Bir şeyi əminliklə deyə bilərəm ki, bütün futbolçular nəzarətimizdədir. Rüfətin dedikləri sevindirici fikirdir. Kimin potensialı daha yüksək olacaqsa, çağrılacaq. Renat barəsində isə danışmağa ehtiyac yoxdur. Hələ ki sıralarımızda yoxdur. İnsandır, ola bilər, bir il özünü pis aparsın, digər ildə yaxşı. Ola bilər böyüsün, gənc yaşların səhvləridir. Daha əvvəl yığmaya çağrılıb. Mənim üçün vacib olan onun daim işinə peşəkar şəkildə yanaşması və özünü sabit göstərməsidir.

- Milli üzvlərinin əksəriyyəti Azərbaycan klublarında çıxış edirlər. Premyer Liqanın səviyyəsi isə göz önündədir. Demək olar ki, temp yoxdur. Bu amil sizin işinizə çətinlik yaratmır ki?

- Əlimizdə nə varsa, ordan seçim edirik. Ən yaxşılarını cəlb etməyə çalışırıq. Bəzi səhvlərimizin də olması mümkündür. Nədəsə yanıla və ya futbolçunun hansısa oyunu bizi aldada bilər. Meydandakı və həyatdakı davranışı fərqli ola bilər. Tempə gəlincə, sürəti mütləq artırmalı, mübarizəni çoxaltmalıyıq. Bunlar vacibdir. Amma sizə bir şey deyim: - yanvardan bəri yaxşılığa doğru irəliləyiş var. Oyunlarda bunu görürəm. Bu hal məni sevindirir. Amma daha da artırılmalıdır.

- Pedro Enrikenin aqibəti necə olacaq? “Qarabağ”da qalacaq, yoxsa müqavilə ilə məxsus olduğu Yunanıstanın PAOK klubuna dönəcək?

- Beş milyonumuz yoxdur (gülür).

- PAOK 5 milyondan aşağı düşməsə, danışıqlar oradaca bitəcək?

- Elə olsa, bitəcək. Əlbəttə, bu bir yazıdır. Vaxtı gələndə danışıqlara başlayacağıq.

- Milli komanda üçün fərdi ofisin təşkili və ayrı rəsmi saytın açılması mümkündür?

- Ofislə bağlı işlər gedir, tam hazır olması lazımdır. Bunun üçün zamana ehtiyac var. 

Son xəbərlər

Orphus sistemi