Qurban Qurbanov: "Ola bilər ki, oyun penaltilərə qədər uzansın"

Qurban Qurbanov: "Ola bilər ki, oyun penaltilərə qədər uzansın" "Yanq Boyz" bizdən üstün komanda kimi sayılır"
Futbol
26 Avqust , 2015 17:43
Qurban Qurbanov: Ola bilər ki, oyun penaltilərə qədər uzansın

Bakı. 26 avqust. REPORT.AZ/ "Düşünmək olar ki, səfərdəki oyunda sərfəli nəticə əldə etmişik. Lakin o vaxt da qeyd etmişdim ki, rəqib ən güclü rəqiblərdən biridir". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının "play-off" mərhələsinin "Yanq Boyz"la cavab görüşündən öncə keçirilən mətbuat konfransında çıxış edən Q.Qurbanov İsveçrə təmsilçisinin fərdi ustalığa sahib oyunçularının olduğunu bildirib: "Bu oyunçular hər bir anda oyunun nəticəsini dəyişə bilər. Sabah hər birimizi maraqlı bir oyun gözləyir".

Təcrübəli mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü haqda danışmaq istəməyib: "Hər şey göz qabağındadır və hansısa fikir bildirmək düzgün olmaz. Bu gün o barədə düşünməsək, daha düzgün olar".

Baş məşqçi bildirib ki, futbolçular uğur qazanmalarına baxmayaraq eyforiyaya qapılmır: "Biz rəqibin gücünü dəyərləndirməliyik. Futbolçular da bu barədə bilir. Hər kəsin "Qarabağ"a ümidi böyükdür. Başa düşürəm, tələb çoxdur. Hamı istəyir ki, bu oyunda qalib gələk və hər kəsi sevindirək. Nəticə bizim tərəfdə olsun, qol sayı az olsa da olar. Futbolun gözəlliyi qoldur və qol vurub nəticə qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq. Bunun üçün müdafiəni gücləndirməli və hücumlardan istifadə edib qol vurmalıyıq".

Q.Qurbanov əlavə edib ki, komandanın üzvü Əl Jadeyui Əlhərbi əzələsində olan problem səbəbindən meydana çıxmayacaq: "Ola bilər ki, oyun penaltilərə qədər uzansın. Bu, lotoreya kimi bir şeydir. Burada psixoloji amil böyük rol oynayır. Mən istəmirəm ki, futbolçu oyun ərzində penaltiləri düşünsün. Biz məşq ərzində penaltilərə hazırlaşırıq. Ancaq oyuna bir neçə gün qalmış bunu məşq etmirik".

"Yanq Boyz" bizdən üstün komanda kimi sayılır. Əgər statistikaya baxsaq, bunu görərik. Ancaq biz komanda şəklində üstün olmağa çalışacağıq. Çumbinyo komandayla məşqə başlayıb və bəzi oyunlara çıxmağa gücü çatacaq" - Q.Qurbanov bildirib.

Son xəbərlər

Orphus sistemi