Qurban Qurbanov: "Neftçi" öz oyununu tapıb, onunla çətin qarşılaşma olacaq"

Qurban Qurbanov: "Neftçi" öz oyununu tapıb, onunla çətin qarşılaşma olacaq" "Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər"
Futbol
10 Mart , 2018 22:58
Qurban Qurbanov: Neftçi öz oyununu tapıb, onunla çətin qarşılaşma olacaq

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə “Zirə”ni məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm.

Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldız?

- Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu oyunda çox çalışdı. Çox istəkli idi.

Ancaq Şeydayev sanki qol duyumunu itirib...

- Bu, normal haldı. Həmin epizodları əldə etmək əsasdı. Əsas odur ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budur. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.

Növbəti oyunda “Neftçi” ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar öz oyununu tapıb...

- Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə oyunda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

Son xəbərlər

Orphus sistemi