Qurban Qurbanov: "Komandada ciddi dəyişikliklər etmək üçün maksimum çalışacağıq"

Qurban Qurbanov: "Komandada ciddi dəyişikliklər etmək üçün maksimum çalışacağıq" "Oyunçu axtarışındayıq"
Futbol
9 Aprel , 2017 23:53
Qurban Qurbanov: Komandada ciddi dəyişikliklər etmək üçün maksimum çalışacağıq
Report.az

Bakı. 9 aprel. REPORT.AZ/ "Açığı, məni oyun maraqlandırırdı. Çox gərgin matç keçdi. Hər iki komanda düzgün oynamağa çalışdı. Futbolçularımın hamısından razı qaldım. Baxmayaraq ki, matçın əvvəlində həyəcanlı idilər. Hətta məğlub olsaydıq da, onlardan razı qalacaqdım. Futbolçularımı təbrik edirəm. Məsuliyyətli oynadılar".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXV turunda 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

O bildirib ki, hələlik çempionluqdan danışmaq tezdir:

"Çempionatın sonuna 3 tur qalıb. 3 oyun 9 xal deməkdir. Dünya futbolunda son turda çempionluğun əldə olunduğu və ya itirildiyi hallarla çox qarşılaşmışıq. Bizi çempionluq yox, "İnter"lə növbəti oyun düşündürür".

Çempionat hər zamankından tez bitəcək. Bu, Avrokuboklarda sizə çətinlik yaratmayacaq?

- Hələ bu barədə düşünmürük. Bu cür gərgin çempionat olmamışdı. Futbolçuların istirahətə ehtiyacı var.

İcraiyyə Komitəsinin üzvüsünüz. Xahiş edirik, heç olmasa siz 8 komandalı çempionatın maraqlı keçdiyini deməyin. Əks halda komanda sayını daha da azaldarlar...

- Mən də istərdim ki, 8 yox, 16 komanda olsun. Amma reallığı nəzərə almaq lazımdır. AFFA rəhbərliyi də 8 komandanın az olduğunu bilir.

Mövsümün sonunda "Qarabağ"ın heyətində ciddi dəyişiklik olacaq?

- Dəyişikliklər olmalıdır. Oyunçu axtarışındayıq. Ciddi dəyişikliklər etmək üçün maksimum çalışacağıq.

Qara Qarayevin mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatır. Komandada qalacaq?

- Qara qarabağlıdır, müqavilənin olmasına ehtiyac yoxdur. Biz bu cür məsələləri mövsümün sonuna saxlayırıq.

Riçard Almeydanın durumu nə yerdədir?

- Yaxşıdır, ağrıları bir az azalıb. "İnter"lə görüşdə meydana çıxa bilər.

"Qəbələ"dəki matçdan sonra Dino Ndlovu demişdi ki, Suraxanıdakı oyunu "Qəbələ" üçün cəhənnəmə çevirəcəyik...

- O, Suraxanı üçün demişdi. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynadıq (gülür).

Son xəbərlər

Orphus sistemi