Qurban Qurbanov: "Hələ qərarımı tam verməmişəm" - MÜSAHİBƏ

Qurban Qurbanov: "Hələ qərarımı tam verməmişəm" - MÜSAHİBƏ "Qarabağ"ın baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb
Futbol
4 İyun , 2015 02:50
Qurban Qurbanov: Hələ qərarımı tam verməmişəm - MÜSAHİBƏ

Qəbələ. 4 iyun. REPORT.AZ/ Azərbaycan kubokunun finalında "Neftçi"yə qalib gələrək kuboku başı üzərinə qaldıran "Qarabağ"ın baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir.

- Final görüşü haqda fikirlərinizi bildirərdiniz...

- Çox istəyirdik ki, kubokun da qalibi olaq. Bildirmişdim ki, sona qədər hər hansı bir problem yaşaya bilərik. Gördünüz ki, futbolçular arasında meydanda narahatçılıq oldu. Oyun zamanı təhlükəli anlar oldu. Ancaq 3-cü qoldan sonra inam yarandı. Düşünürəm ki, ağır və uğurlu bir mövsüm keçirdik. Futbolçular nəticəyə oynadılar və qələbə qazandılar.

- Ötən mövsüm çempion olanda səsiniz belə tutulmamışdı. Demək olar ki, bu çempionluq sizə daha çox doğma gəldi?

- Müsahibə verməkdən tutulub (gülür)...

- Demək olar ki, final oyunu "Qarabağ"ın qurduğu ssenari əsasında gedirdi. Yəni sizin komanda oyunu istədiyi yöndə idarə edirdi...

- Həqiqətən yaxşı oyun oynadılar və özlərini meydanda sərbəst hiss etdilər. Düşünürəm ki, buna həm gözəl meydança həm də azarkeş ab-havası müsbət tərsir etdi. Bu da futbolçulara əlavə güc və motivasiya verir. Futbolçuların hər birindən razı qaldım.

- Hesab 2:0 olandan sonra komandada arxayınlaşmaq hiss etdiniz?

- Arxayınlaşmaq deməzdim. Amma müəyyən məqamlarda boşluqlar olurdu. Lakin komanda tez zamanda toparlandı.

- 19 il əvvəlki oyunun revanşını aldığınızı demək olar?

- Belə düşünmürəm. Çünki biz bu gün üçün meydana çıxırıq. Qarşımıza hansı məqsəd qoyulursa, onun üçün meydana çıxırıq. Belə halda istənilən komanda qalib gələ bilər. Deyə bilərik ki, "Neftçi" üçün uğursuz il keçdi. Amma hər birimizi belə mövsüm gözləyə bilər. "Neftçi" böyük bir klubdur və inanıram ki, hamımızı sevindirəcək.

- Çempionlar Liqasında "Qarabağ"dan nə gözləmək olar? Yəni bəzi aparıcı futbolçularla da yollar ayrılacaq...

- Hələ düşündüyüm komanda tam formalaşmayıb.

- Artıq Muarem Muarem komandadan ayrılır...

- Bəli, sabah "Əskişəhərspor"a yola düşəcək. Artıq onlarla müqavilə bağlayacaq. Ona uğurlar arzu edirəm. O, bizim üçün dəyərli futbolçudur. Muarem hər şeyin yaxşısına layiqdir. Onun kimi peşəkar biri hər zaman məşqçilərin əlinə düşmür.

- Eyni sözləri Leroy Corc üçün də demək olar? Çünki o da gedəcək...

- Xeyr, Corс haqqında hələ danışacağıq.

- İlk dəfə qızıl dubl etdiniz...

- Belə oyunlar bizim təcrübəmizi zənginləşdirir. Daima belə oyunlarda nəticə verməyə çalışmalıyıq. Bu gün bu uğuru qazanırıqsa, bizdən tələblər də çoxalır və məsuliyyətimiz artır.

- Coşqun Diniyev və digər yerli futbolçuların transferi Namiq Yusifovun komandadan gedəcəyinə işarə verir. Doğurdan belə bir şey olacaq?

- Bu transferlərdə limitin də rolu var. Hər halda gedən oyunçular olacaq. Hər bir oyunçu oynamaq istəyir. Hələ ki, qərarımı tam verməmişəm. Çalışacam ki, hamı razı qalsın.

Son xəbərlər

Orphus sistemi