Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Hakim qərarlarına fikir bildirmək dəb halını alıb"

    “Belə hallar heç kimə fayda verməz”

    Bakı. 4 mart. REPORT.AZ/ “Son vaxtlar hakim qərarlarına fikir bildirmək dəb halını alıb. Belə hallar heç kimə fayda verməz”.

    “Report” xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXI turu çərçivəsində “Sumqayıt”la (4:0) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

    45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

    - İlk öncə azarkeşlərimizə təşəkkür edirəm. Bir az psixoloji basqı var idi. Narazılıqlar yaranmışdı. Bu gün 4:0 hesabı ilə qalib gəlsək də, psixoloji gərginlik hiss olunurdu. Futbolçular qarşıdakı oyunlarda daha sərbəst olacaq. “Sumqayıt” komandasına uğurlar arzulayıram. Milliyə gedənlərə də uğurlar diləyirəm. Yaxşı olardı ki, indiki vəziyyətdə bütün komanda ilə birgə olardıq. Ancaq nə etmək olar, elə vaxta təsadüf edib ki, milli komandanın təlim-məşq toplanışıdır.

    Rəşad Sadıqov penalti epizodunda hakimə nəsə söyləyirdi. Sizcə, “Sumqayıt”ın qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi doğru qərar idi?

    - Hər dəfə hakim qərarlarına fikir bildirmək düzgün deyil. Bu, normal olmayan haldır. Rəşadın nə danışdığın bilmirəm. Son vaxtlar hakim qərarlarına fikir bildirmək dəb halını alıb. Hər dəfə də rəqib qapısına penalti təyin olunanda belə suallar verilir. Belə hallar heç kimə fayda verməz. Oyuna, qol vəziyyətlərinə baxmaq lazımdır.

    Komandanın 10 üzvünün Azərbaycan milli komandası ilə təlim-məşq toplanışına getməsi sizin üçün problem yaratmayacaq ki?

    - Bu, əvvəlcədən planlaşdırılmış bir toplanışdır. Həmişə demişəm ki, fiziki baxımdan futbolçulardan narahat deyiləm. Sadəcə, bir yerdə olmaq daha yaxşıdır.

    Sizcə Şahrudin Məhəmmədəliyev və Arif Daşdəmirov milli komandaya hazırdır?

    - Bu, mənə aid olmayan sualdır. Onlar məşqdə geri qalmırlar. Elə olur ki, mən də 5 oyun meydana çıxmayan futbolçunu heyətə salıram. Xüsusən də, Qətərlə görüşdə çox oyunçu sınanılacaq. Robert Prosineçki bütün oyunları izləyir. Hamısının potensialına bələddir. Prosineçki Arifin yox, Qurbanın hazır olduğunu görsə, Qurbanı çağıracaq. Qapıçılardan kim kənarda qalıb? Biz Antalyada 4 yoxlama oyunu keçirdik, Şahrudin hamısında oynadı. Oynamamaq göstərici deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi