Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Futboldakı uğurlarımızın az olması bizə həqiqətən də təsir edir"

    Bütün qarabağlıları, köçkünlərimizin hər birini sevindirəcəyik

    Bakı. 18 dekabr. REPORT.AZ/ "Həqiqətən, həmin oyundan sonra futbolçularda bir az üzgünlük vardı. Hər birimiz çox təəssüflənmişdik. İstəyirdik ki, başda Siz olmaqla, bütün Azərbaycan xalqına bu oyunda qələbə hədiyyə edək. Amma Sizin söylədiyiniz kimi, qələbə əlimizdən alındı. Bunu Sizə hədiyyə etmək bizə nəsib olmadı". "Report"un "AzərTAc"a istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Ağdamın "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov deyib. 

    42 yaşlı mütəxəssis bildirib ki, dövlət başçısı tərəfindən qəbul olunmaları komandanın gələcək işləri üçün çox faydalı olub. Q.Qurbanov İtaliya "İnter"i ilə Avropa Liqasındakı oyunu yaddan çıxararaq, qarşıdakı yarışlarda daha yaxşı, uğurlu nəticələr əldə etməyə çalışacaqlarını bildirib. O, "Qarabağ"ın bütün heyəti adından prezident İlham Əliyevə minnətdarlıq edib: "Sizin Azərbaycan idmanına, Azərbaycan futboluna diqqət və qayğınız məsuliyyətimizi daha da artırır. Çalışırıq ki, işimizi düzgün qurub və uğurlu nəticələr əldə edək. Siz qeyd etdiniz ki, futbolda uğurlarımız azdır. Həqiqətən bu, bizlərə təsir edir. Bunun üzərində daim çalışırıq və inanıram ki, gələcək oyunlarımızda, gələcək işlərimizdə Sizi və bütün Azərbaycan xalqını, o cümlədən bütün qarabağlıları, köçkünlərimizin hər birini sevindirəcəyik. Bir daha Sizə “çox sağ olun” deyirəm. Çox şadıq ki, bizimlə belə bir görüş təşkil etdiniz. Çox sağ olun, minnətdarıq".
    Klubun vitse-prezidenti Tahir Gözəl isə tarixə yazılacaq bir gün münasibətilə “Qarabağ” komandası, azarkeşlər və "Qarabağ"ı sevən bütün Azərbaycan xalqı adından dövlət başçısına minnətdarlıq edib. O bildirib ki, "Qarabağ" Azərbaycan bayrağını həqiqətən də Avropada, dünyada ucaldıb: "Cənab Prezident, biz bu günlərə Sizin dəstəyiniz, qayğınız, Sizdən aldığımız ruh və enerjini ürəyimizdə hiss edərək Azərbaycan xalqının mənəvi dəstəyi ilə çatmışıq".

    “İnter”lə oyunda "Qarabağ"ın təmiz qolunun sayılmamasına gəldikdə, T.Gözəl deyib: "Çox maraqlı bir şey müşahidə etdik ki, dünyada, Avropada bizə nə qədər dəstək göstərildi. Ukraynanın “Dnepr” komandasının oyunçuları “Avropaya biz deyil, “Qarabağ” getməli idi” dedilər. Türkiyə, Rusiya, Avropa mediası Azərbaycanın, “Qarabağ”ın tərəfini tutaraq göstərdi ki, bu, təmiz qol idi. Cənab Prezident, biz bir daha gördük ki, Azərbaycan nə qədər ehtirama layiq, nə qədər sevilən, rəğbət bəslənilən, güclü bir ölkəyə çevrilib, insanların nəzərində imici nə qədər yüksəkdir. Biz bunun bir daha şahidi olduq. Bu, əlbəttə, cənab Prezident, Sizin diqqət və qayğınızın, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi əsasların bəhrəsidir. Biz bunlara görə Sizə dərin təşəkkür edirik. Çox sağ olun!"

    Klub rəsmisi çıxışının ardından "Qarabağ"ın hər bir üzvünün imzası olan topu və arxasında "İlham Əliyev" yazılmış formanı dövlət başçısına hədiyyə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi