Yuxarı

Qurban Qurbanov: "Futbolçulardan razı qaldım"

Baş məşqçi: Çox yaxşı başlanğıc oldu

Bakı. 15 sentyabr. REPORT.AZ/ "İlk oyun ağır olur. Hər bir komanda yaxşı start götürmək istəyir. Futbolçulardan razı qaldım. Çox yaxşı başlanğıc oldu".

"Report"un məlumatına görə, bu sözləri “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya klubu ilə qarşılaşmadan sonrakı mətbuat konfransında deyib.

Daha sonra 44 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Bu cür turnirlərdə son saniyələrə kimi oynamaq çox vacibdi. Ola bilər ki, son tura kimi 2 komanda müəyyənləşməsin. Bizim üçün böyük təcrübə oldu. Bir neçə qol imkanlarımız oldu. Hesabda önə keçməli olduğumuz halda, ikinci qolu buraxdıq. Bu, futbolçularımıza pis təsir etdi. Allaha şükürlər olsun ki, sonluq yaxşı oldu. Avroliqada hər xal çox önəmlidi. Azarkeşlərə də minnətdaram, sona qədər bizimlə oldular. Bu cür turnirdə zəif oyun, asan komanda yoxdu. Futbolçular belə görüşlərdə daha da bərkiyirlər, Qarşıdakı oyunlara hazırlaşacağıq. Çəkinmirik, qorxmuruq.

- Sizə elə gəlmədi ki, hakimin qonaqlara daha çox simpatiyası var idi? Bir də bu gün Kintananın günü deyildi. Elə deyilmi?

- Hakimin qüsurları çox idi. Oyunun gedişatında bu görünürdü. Rəqibimiz ilk növbədə, bizə oynamağa imkan verməməyə çalışırdı. Belə rəqibə qarşı oynamaq çətindi. Daniyə gəlincə, ola bilər ki, bəzi epizodlarda alınmırdı. Orta xəttə keçəndən sonra oyunu öz üzərinə götürdü. Sadəcə, ilk hissədə son ötürmələri dəqiq olmurdu. Bu da normal haldı. Açığı, ondan razı qaldım. Nəzərə almaq lazımdı ki, ilk oyun idi. Gələn oyunlarda daha yaxşı çıxış edəcək.

- Rəşad Sadıqov hücuma qoşulanda hər dəfə təhlükəli an yaşanır. Olmaz ki, onu hücuma daha çox qoşasınız?

- Lazım olan anda hücuma atılır. Rəşadın təcrübəsi buna imkan verir ki, nə vaxt hücuma keçmək lazım olduğunu bilsin. Amma Rəşad ilk növbədə, müdafiəçidi, müdafiəni düşünməlidi. Futbolda belə anlar olur ki, müdafiəçilər də qol vururlar. Amma Rəşadı tez-tez irəli xəttə göndərə bilmərəm (gülür).

- Reynaldonun aktivində bu mövsüm Avroliqada cəmi 1 qol var. Razısız ki, son 1 ildə əvvəlki Reynaldonu görə bilmirik?

- Biz də ondan daha yaxşı oyun gözləyirik. Reynaldo 6 aylıq zədədən sonra formasını bərpa etdi. Getdikcə pis təsir bağışlamır. Nə qədər çətin olsa da, əlimizdə olan futbolçunu yaxşı formada saxlamağa çalışırıq. O, bacardığını edir. Belə matçlarda müdafiəçilər hücumçulara qarşı daha diqqətli olurlar. Buna baxmayaraq, bir neçə qol epizodu yaratdı, sadəcə vura bilmədi.

- Azarkeşlər “Dalğa Arena”da boş yerlər qoymuşdular. Bir də futbolçularınız son oyunlarda tez-tez oyundankənar vəziyyətə düşürlər...

- Biz oyunu gec saata salmaq istəyirdik. Bəlkə də, boş yerlər matçın tez başlaması ilə əlaqədar idi. Amma azarkeşlərdən razı qaldım. Digər məsələyə gəlincə, hücumda daha çox oynamaq istəyiriksə, ofsayd epizodlarımız çox olacaq. Rəqib də bunun üzərində çox işləyir. Hücumçularımız irəli atılmağa istəklidilər.

- Bu “Qarabağ” cari mövsüm üçün planlaşdırdığınız komandanın zirvəsi idi?

- Bəzən biz ancaq özümüzü düşünürük, rəqibi nəzərə almırıq. Bu gün Avropada elə bir komanda yoxdu ki, günbəgün inkişaf etməsin. Onlar da öz oyunlarını daha da yaxşılaşdırmağın yollarını düşünürlər. Ən böyük klubların oyunundan da bəzən narazı qalırlar. Azərbaycan futbolunun problemləri, qüsurları var. Bu cür matçların ilboyu keçirilməsi bizə mane olur. Buna baxmayaraq, Avrokubokda məğlub olduğumuz görüşlərdə də sona qədər mübarizə aparırıq. Bizim hələ pik vaxtımız deyil. Bacarığımıza görə, daha da artıra bilərik. Hər futbolçu 10 faiz də artırsa, daha yaxşı komanda görəcəksiz. Qol epizodlarına baxsanız, bu gün biz qalib gəlməli idik.

- Bədavi Hüseynovun vəziyyəti nə yerdədi? Onu əvəzləyən Elvin Yunuszadə göstərdi ki, hər an kobud səhv buraxa bilər...

Son 3-4 oyunda çıxış edən Elvin pis təsir bağışlamır. Görünür, sizdə Elvinə qarşı inamsızlıq var. Səhvi hamı edir. Qaldı ki digər variantı həyata keçirməyə, bu, rəqibdən və oyunun gedişatından asılıdı. Maksimi mərkəzə çəksək, onun yerinə başqa futbolçu qoymalıyıq. Belə oyunlarda bu, komandaya təsir edə bilər. Avrokubokda Elvinin boyundan da istifadə etmək lazımdı. Belə pis təsir bağışlamır, ansamblı pozmadı.

- Yeni qapıçı Boyan Şaranovla bağlı fikriniz necədi? Onun serb, komandadakı həmkarı Şehiçin isə bosniyalı olması komandadaxili ab-havaya mənfi təsir etmir ki?

- Xeyr. Bu, futboldu. Belə şeylərə önəm verməmək lazımdı. Əvvəl bizim serb qapıçımız var idi: - Boyan Pavloviç. O, ən çox Ansi Aqolli ilə mehriban idi, bir otaqda qalırdılar. Belə şeylər bizə aid olmayan məsələlərdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi