Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"

Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq" Bakı. 14 avqust. REPORT.AZ/ Rəqibi qələbə münasibətilə təbrik etmək istərdim. Bu komanda hər iki matçda intizamlı oyun sərgilədi. Biz də yaxşı təsir bağışladıq. Komandamdan razıyam.
Futbol
14 Avqust , 2018 23:49
Qurban Qurbanov: Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov / Report/ Firi Salim

Bakı. 14 avqust. REPORT.AZ/ "Rəqibi qələbə münasibətilə təbrik etmək istərdim. Bu komanda hər iki matçda intizamlı oyun sərgilədi. Biz də yaxşı təsir bağışladıq. Komandamdan razıyam".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belarusda BATE ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

İlk görüşdə 0:1 hesabı ilə uduzması səbəbindən Avropanın ən nüfuzlu klub turnirində mübarizəni dayandıran Azərbaycan təmsilçisinin baş məşqçisi bildirib ki, artıq hər şey keçmişdə qalıb. O, Avropa Liqasının "play-off" qarşılaşmalarına hazırlaşmağın gərəkliyini vurğulayıb.

Qurbanov hakimlərin oyunun tempini aşağı salan mübahisəli qərarlarından bəhs etmək istəməyib: "Hakimlik barədə danışmağı sevmirəm. Gəlin, irəliyə doğru gedək".

Baş məşqçi "Qarabağ"ın qapısında gördüyü hər iki qolun müdafiədən çıxış zamanı vurulduğuna dair sualı isə belə cavablandırıb:

"Deyiləcək bir söz yoxdur. Adətən, qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".

BATE Çempionlar Liqasının "play-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.

Son xəbərlər

Orphus sistemi