Yuxarı

Qurban Qurbanov: "Bizim üçün "Qalatasaray"la oyun o qədər də önəmli deyil"

“Çünki əsas məqsədimiz çempionatdır”

Bakı. 5 mart. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 24-cü turu çərçivəsində "Zirə" üzərində qazanılan 2:0-lıq qələbədən sonra mətbuat konfransı keçirib.

"Report" 44 yaşlı mütəxəssisin fikirlərini təqdim edir:

- Vacib olan 3 xal qazandıq. Ən yaxın rəqibimizi məğlub etdik. Düşünürəm ki, futbolçularımız çox gözəl oyun qurdu. Nəticəyə oynamağı və sona qədər hesabı qorumağı bacardılar. "Zirə" geridə olsa da, öz oyun üslubundan əl çəkmədi. Əks hücuma daha çox meylli idilər. Bir epizodda az qalmışdı ki, qol vursunlar, amma alınmadı. Ən əsas olan azarkeşlərin razı qalmasıdır. Bu oyunda məqsəd az top itkisi və rəqibə top verməmək idi. Çünki belə olmasa, qol buraxa bilərdik. Digər tərəfdən rəqibin də heyətində itkilər vardı. Buna baxmayaraq ehtiyat edirdim. Məni oyunun gedişatında narahat edən amil "Zirə"nin öz oyun üslubundan əl çəkməməsi oldu.

Mahir Mədətov yenə fərqləndi. Onun çıxışı barədə nə deyə bilərsiniz?

- Mahir ulduz xəstəliyinə tutulmağa meylli oyunçudur. Bəzi futbolçularımız da belədir. Ancaq gənc oyunçular qol yox, çatışmayan cəhətlər haqda düşünməlidirlər. Futbolçular sadə olmalıdır. Qolun sayından asılı olmayaraq, bu, futbolçunun işidir və qarşıya qoyulan vəzifəni yerinə yetirməyə borcludur. Mahirin ən üstün cəhəti onun istəkli olmasıdır. Çatışmayan cəhətlərini saysam, bitməz. Bəzi gənclərin hərəkətləri onların yaxşı futbolçu olmasına mane olur. Amma nə qədər ki, mənim yanımdadır, sadə olacaq. Əks təqdirdə, o "Qarabağ"da olmayacaq.

Oyun zamanı azarkeşlərlə dialoqunuz nə ilə bağlı idi?

- Bizim üçün hər bir qələbə hansısa bir maneəni keçməkdir. Xal itkisi rəqiblərin bizə yaxınlaşması deməkdir. Oyunda azarkeşlərlə dialoqumuz oldu. Azarkeşlər toxunulmazdır, amma mən dialoq qurduğum azarkeşlər tanıdığımız, gördüklərimizdir. Sadəcə xoşagəlməz ifadə işlətdi və mən "olmaz" dedim. Belə şeylər olmasa daha yaxşıdır. Hamımız azərbaycanlıyıq. İdmançı hər hansı bir uğur qazanmaq üçün meydanda hər şey edir.

Vaxtilə baş məşqçi və futbolçu olduğunuz "Neftçi" yenə məğlub olaraq, 7-ci pilləyə endi. Komandanın üzləşdiyi vəziyyət barədə nə deyə bilərsiniz?

- Mən heç bir klubun işinə qarışmağı xoşlamıram. "Neftçi"də çox illər keçirmişəm və bu komandanın uğuruna sevinmişəm. Baxmayaraq ki, "Qarabağ"dayam. Heç bir baş məşqçinin uğursuzluğunu istəmərəm. Fikrimcə rəhbərlik daha doğrusunu, yaxşısını bilir. Mənə qalan "Neftçi"yə uğur arzu etməkdir.

"Qalatasaray"la yoldaşlıq oyunu keçirmə variantı nə dərəcədə realdır?

- Belə danışıqlar olub. Bu görüş haqda az fikir bildirmək istəyirəm. Çünki əsas məqsədimiz çempionatdır. Belə fikirlər, yazılar futbolçularımıza təsir edə bilər. Belə olan halda onlar bu oyun haqda düşünə bilər və çempionata diqqət yönəltməzlər. Sadəcə belə fikir, təklif var. Bizim məqsədimiz hazırda çempionatdır. Türk Hava Yolları bu oyunu keçirmək istəyir. Hələki dəqiq qərar qəbul olunmayıb. Olacağı halda klub tərəfindən ətraflı məlumat veriləcək. Bu gün bu oyun bizim üçün o qədər də önəmli deyil ki, çempionatı kənara atıb "Qalatasaray"la oyun haqda düşünək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi