Qurban Qurbanov bəyəndiyi türk klubu və futbolçunun adını açıqlayıb

Qurban Qurbanov bəyəndiyi türk klubu və futbolçunun adını açıqlayıb "Azərbaycanlılar bu üç komandaya bağlıdır"
Futbol
18 Yanvar , 2017 14:54
Qurban Qurbanov bəyəndiyi türk klubu və futbolçunun adını açıqlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Avrokuboklarda mübarizə aparırırq, amma tanınmış klubları Ağdamda qəbul edə bilmirik. Bu gün üçün imkansız görünür, amma ümidimizi itirmirik. Ölkə Prezidenti torpaqların qaytarılması üçün çox iş görür". "Report"un məlumatına görə, bunu Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Anadolu Agentliyi"nə açıqlamasında deyib.

Baş məşqçi hazırda işğal altında olan Ağdamda ev oyunlarını keçirmək istədiklərini söyləyib. O, Azərbaycandakı futbol azarkeşlərinin "Qarabağ"a sahib çıxdığını bildirib: "Azarkeşlərimiz sağ olsunlar. Məğlub olduğumuz zaman da yanımızdadırlar. Qarabağ adını ən azı meydanda yaşatmağımıza kömək edirlər. Avrokuboklarda isə bütün Azərbaycan bizə dəstək verir. Cari mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etdiyimiz zaman tribunalarda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanırdı. Bu da futbolçularımıza böyük motivasiya verir. Hər kəs "Qarabağ"a milli komanda kimi sahib çıxır və böyük coşqu ilə dəstəkləyir".

Azərbaycanda türk futboluna böyük marağın olduğunu bildirən Q.Qurbanov "Qalatasaray", "Beşiktaş" və "Fənərbağça" klublarını Bakıya dəvət edib: "Həm Türkiyədə, həm də bizdə çempionat çox çətindir. Oyun keçirmək üçün uyğun təqvim tapmaq asan deyil. Ancaq iki qardaş ölkə arasında bu cür oyunlar olsa, ölkənin futbol münasibətləri də daha yaxın olar. Türkiyədə olan "Beşiktaş", "Qalatasaray" və "Fənərbağça" azarkeşlərindən bizdə də var. Azərbaycanlılar bu üç komandaya bağlıdır. Bizim ölkədə bu komandalara qarşı keçiriləcək oyun da böyük marağa və coşquya səbəb olar. Bu səbəbdən, hər üç böyük komandanı Azərbaycanda gözləyirik. Əlbəttə, bu komandalarla avrokuboklarda qarşılaşmaq daha mənalı olardı. Futbolumuz hər gün inkişaf edir. Gələcəkdə Türkiyənin önəmli komandaları ilə avrokuboklarda qarşılaşacağımıza əminəm".

45 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanın hədəfinin bu mövsüm də çempionluq olduğunu vurğulayıb: "Ölkə çempionatında "Qəbələ"dən 1 xal öndəyik. Hədəfimiz ardıcıl 4-cü dəfə çempion olmaq və Çempionlar Liqasının təsnifat mərhələlərini keçərək qrupa düşməkdir. Çempionlar Liqasının qrupunda çıxış edərək Azərbaycan futbolunda ilkə imza atmaq istəyirik".

Qurbanov ən çox bəyəndiyi türk futbolçunun Almaniyanın "Bayer" klubunda çıxış edən Hakan Çalhanoğlu olduğunu qeyd edib və daha çox "Beşiktaş"ın oyunlarını izlədiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi