​Qurban Qurbanov: "Aqolli üçün verilən mükafatı böləcəyik"

​Qurban Qurbanov: "Aqolli üçün verilən mükafatı böləcəyik" "Qarabağ"ın baş məşqçisi albaniyalı legioneri Avropa çempionatında oynamağa layiq sayıb
Futbol
12 Oktyabr , 2015 17:15
​Qurban Qurbanov: Aqolli üçün verilən mükafatı böləcəyik

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun futbolçusu Ansi Aqollinin Albaniya milli komandasının heyətində AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib. 43 yaşlı mütəxəssis "Report"a açıqlamasında Azərbaycan Premyer Liqasında çıxış edən legionerin ilk dəfə qitə çempionatında iştirak hüququna yiyələnməsini sevindirici hal kimi dəyərləndirib.

O, 33 yaşlı müdafiəçinin buna layiq olduğunu söyləyib: "Çünki çox peşəkar və öz üzərində çalışan biridir. Həmişə intizamı qoruyub saxlayır. Xüsusilə Albaniya millisinin Ermənistandakı böyük hesablı qələbəsindən sonra bu bizim üçün daha maraqlı oldu. Ona görə də Aqollini təbrik edirəm. Şadam ki, o, belə bir turnirdə iştirak edəcək".

A.Aqolli ilə "Qarabağ" arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq. Daha sonra AVRO-2016-ya start veriləcək. Bu baxımdan təcrübəli müdafiəçi ilə anlaşmanın uzadılması və futbolçunun final mərhələsində məhz "Qarabağ"ın üzvü kimi iştirakı böyük önəm kəsb edir. Q.Qurbanov isə yeni müqaviləni imzalamağa hələ vaxtlarının olduğunu, bu barədə düşünəcəklərini söyləyib: "Biz futbolçu ilə hər hansı turnirdə iştirakına görə müqavilə bağlamaq istəmirik. Aqolli ilə hazırkı anlaşmanın bitməyinə hələ çox var. Düşünürəm ki, o, bir neçə il də yaxşı futbol oynamaq iqtidarındadır. Buna xarakteri də çatır. Hələ mövsümün sonuna qədər vaxt var və yeni anlaşma üzərində fikirləşəcəyik".

A.Aqolli Albaniya millisinin heyətində Ermənistan yığması ilə martın 29-da keçirilmiş ilk seçmə matçdakı 2:1 hesablı qələbədən sonra "Qarabağ" rəhbərliyi tərəfindən mükafatlandırılıb. Ötən gün İrəvanda da 3:0 hesablı qələbə qeydə alınıb. Amma sol cinah müdafiəçisi cəzalı olduğu üçün oynamayıb. Digər tərəfdən, futbolçusu millinin heyətində final mərhələlərində çıxış edən kluba da UEFA və FİFA tərəfindən mükafat verilir. Bu məqamlarla bağlı suala Q.Qurbanov zarafatyana cavab verib: "Bir şey fikirləşərik. Deyirsiniz UEFA-nın ayıracağı mükafatdan da Aqolliyə ayıraq? O, son qarşılaşmada oynamayıb. Mükafatı yarıbayarı bölərik".

Qeyd edək ki, Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Ansi Aqollinin komandası İ qrupunda 2-ci yerin sahibi kimi bu hüquqa yiyələnib.

Son xəbərlər

Orphus sistemi