Yuxarı

​Qriqorçuk: "Rəqibi görəndə güclü komanda olduğunu düşündük"

Növbəti mərhələdə rəqibimizin kim olacağını düşünmürük

Bakı. 30 iyun. REPORT.AZ/ "Nəticədən və oyunumuzdan razıyıq. Komanda ümumilikdə yaxşı oyun sərgilədi".

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə görüşdən sonra deyib.

Ukraynalı mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib:

"Favoritin kim olması ilə maraqlanmıram. Oyundan öncə də bunu demişdim. İlk olaraq rəqibi görəndə güclü komanda olduğunu düşündük. Ancaq oyun belə alındı. İşimiz bunu düşünmək yox, qarşıdakı oyuna hazırlaşmaqdır. Sergey Zenyov bu gün yaxşı çıxış etdi. Ayrılıqda kimisə qeyd etmək istəmirəm. Komanda olaraq yaxşı çıxış etdik və bu səbəbdən onlara təşəkkür edirik. Rəqibə hörmətlə yanaşmalıyıq. Onlar çempionatlarında gümüş medal qazanıblar və ciddi yanaşmaq lazımdır. Bizi transferlərə görə tənqid edirlər və həmin adamlara ancaq uzun ömür, can sağlığı arzu edirəm. Onları peşəkar olmağa çağırıram. Hərdən olmayan məlumatlar yayılırdı. Ən çox Aleksey Antonov tənqid edilirdi. Ancaq o yaxşı oyunçudur. Digər legionerlər də yaxşıdır. Deyə bilmərəm ki, komandaya dəvət etdiyim futbolçunun səviyyəsi aşağı olub. Ötən il Avropa Liqasının qrup mərhələsinə qədər çıxdıq. İndi isə yalnız bir oyun keçirdik. Komandada rahatçılığın yaranmasına imkan vermərəm və belə bir şey ola bilməz. Bu gün oyunun ikinci hissəsində isə geri oturmalı olduq. Rəqib də cərimə zərbəsindən gözəl qol vurdu. Asan rəqibə qarşı oynadığımızı deməzdim. Sadəcə öz stilimizdə oynadıq".

Baş məşqçi səfər oyununda gənc oyunçulara şans verib-verməyəcəyindən danışıb:

"Müxtəlif fərziyələr irəli sürə bilərik. Həmin oyuna qədər hər şey ola bilər. İstəyimiz isə gənc futbolçuların yetişməsidir. Bu onlar üçün böyük təcrübədir. Azarkeşlərə gəldikdə isə aramızda heç vaxt problem olmayıb. Sadəcə mən hisslərdən danışırdım və bu başqa cür alınıb. Sadəcə işə peşəkar yanaşmaq lazımdır. İnsan var ki, məni televiziyaya dəvət edir, amma mənim haqda məndən daha çox bilir. Bir daha deyirəm ki, azarkeşlərlə heç bir problemim yoxdur. Növbəti mərhələdə rəqibimizin kim olacağını düşünmürük. Yolumuza davam edirik".

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Zestafonidə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi