Bakı. 9 aprel. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının XXV turunda "Qarabağ"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə matçı şərh edib.
- Heç-heçəyə görə təəssüflənirəm. Qələbə lazım olduğu halda bərabərə qaldıq. Yolumuza davam edirik.
Olmaz ki, müdafiənin mərkəzinə Rasim Ramaldanovu qoyub, Rəşad Sadiqovu ortaya çəkəsiniz?
- Taktikadan danışsaq, gərək konfrans sabaha qədər davam edə. Düzgün hesab etdiyim heyəti qururam.
"Qəbələ"nin çempion olub-olmamağı sizin komandadakı aqibətinizə təsir edəcək?
- İndidən nəsə demək düz olmaz. Hələ çempionatın başa çatmasına bir ay var. Qarşıdakı oyunlarda qalib gəlmək lazımdır.
"Qəbələ"nin çempionluq şansını necə qiymətləndirirsiniz?
- "Qarabağ"ın şansı bizdən çoxdur. Üç oyun 9 xal deməkdir. Necə olacağını deyə bilmərəm.
"Qəbələ" qalib gəlməli olduğu bəzi oyunlarda vacib xallar itirdi. Bununla razısınız?
- Bəzi oyunlar vardır ki, qalib gəlməliydik. İdeala yaxın çıxış etsək də, qalib gələ bilməmişik. Bəzi matçlarda 10-15 qol vəziyyətini qaçırmışıq.
"Qarabağ" çempion olarsa, kubok oyununa arxayın çıxa bilər. Bu sizin üçün üstünlükdür?
- Titullar heç vaxt artıqlıq etmir. "Qarabağ" çempion olsa, kuboku da götürmək istəyəcək. Çempionluq onlar üçün motivasiya olacaq.
"Qarabağ"ın çempionluğu əldən vermək şansı daha çoxdur, yoxsa "Qəbələ"nin kuboku qazanmaq?
- Bəzi sualları elə verirsiniz ki, cavab vermək üçün mənə məşqçi yox, peyğəmbərlik üzrə Pro lisenziyası lazımdır. Hər kəs xal itirə bilər.