Yuxarı

Qriqorçuk: "Ömrüm boyu belə oyun keçirdiyim yadıma gəlmir"

Qriqorçuk: "Ömrüm boyu belə oyun keçirdiyim yadıma gəlmir"
Çox pis hisslər keçirirəm

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XVIII turunda evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Çox pis hisslər keçirirəm. Oyundan sonra komandama dedim ki, bunun öhdəsindən gəlməliyik. Bu gün ilk qolu rəqibə özümüz hədiyyə etdik. Ömrüm boyu belə oyun keçirdiyim yadıma gəlmir. İtkilərimiz var idi. Bu gün isə qırmızı vərəqə aldıq, bundan əlavə Ruslan Qurbanov zədələndi. Ola bilsin, onun ayağında sınıq olsun. Ancaq bunları bəhanə etmək istəmirəm. Bu gün stadiona çoxlu azarkeş gəlmişdi. Futbol ab-havası var idi. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik.

Vitali Vernidub artıq ardıcıl ikinci oyundu səhv edir. Keçən oyunda öz qapısına qol vurdu, bu gün isə onun səhvindən sonra qol buraxdınız...

- Vitali ilə heç nə baş vermir. Ötən oyundan sonra onunla söhbətləşdik. Hətta zarafatla ona dedim ki, “necə ola bilər ki, müdafiəçi olasan, ancaq öz qapına qol vurmayasan?”. Bu oyunda şans verməsəydim, elə fikirləşərdi ki, məhz bu epizoda görə onu meydana buraxmadım. Bu gün isə şans verdim, yenə səhv etdi. Ancaq bu gün oynamasaydı, deyə bilmərəm ki nəsə fərqli olardı.

Bu gün sanki komanda mübarizə aparmırdı...

- Bununla razılaşmıram. Deməzdim ki, bu gün mübarizə aparmadıq. Sadəcə, oyun alınmadı.

Komandanın zəif oyun sərgiləməsini artıq indidən kubok barədə düşünməsi ilə izah etmək olar?

- Necə yəni? Demək istəyirsiniz biz çempionat barədə düşünmürük? Biz çempionatdan əlimizi üzməmişik. Təkcə kubok barədə düşünmürük. Hər iki yarışa ciddi yanaşırıq.

Keçən oyunda “Səbail”ə, bu gün isə “Neftçi”yə uduzdunuz. Demək olar ki, komanda turnir cədvəlində aşağı pillələrdə olan komandalarla matça köklənə bilmir?

- Yox, belə deməzdim. “Səbail”lə bu matç tam fərqlidir. Bu gün bizim üçün çox uğursuz oyun oldu. Keçən matçda pis oynamamışdıq. Buna baxmayaraq, məğlub olduq. Ötən mövsümdə də yaxşı oynayıb, uduzduğumuz oyunlarımız olmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi