Yuxarı

Qriqorçuk: "Mərhələ adlasaq, bu bizim üçün təsəvvür etməyəcəyimiz qədər böyük hadisə olacaq"

Qrupdan çıxmaq şansı sonuncu tura qalsa, bu mənim həyatımda böyük hadisə olar

Yunanıstan, Saloniki. 25 noyabr. REPORT.AZ/ "Dododan başqa hər kəs məşq edir. Nəzərə almaq lazımdır ki, zədəli futbolçular 2-3 həftədən sonra komandayla məşqlərə başlayıb. Bu isə onların optimal vəziyyətdə olmasını göstərmir. Ancaq biz risk edib onlardan bəzilərini heyətə daxil edəcəyik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin V turunda Yunanıstanda PAOK-la keçiriləcək oyundan öncə baş tutan mətbuat konfransında deyib.

Səfər görüşü haqda danışan ukraynalı mütəxəssis, havanın yağışlı olmasından danışıb:

"Məni hər şeydən az narahat edən yağışdır. Bu problem deyil. Sabah isə havanın isti olacğı gözlənilir".

Daha sonra R.Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

Yunanıstan futbolu bu mövsüm "Qəbələ" ilə bacarmadı. Sabah bu seriyanı davam etdirə biləcəksiniz?

- Bütün oyunlarda qalib gəlmək istərdik, amma bu çətin olacaq. Belə seriyalara əhəmiyyət vermirəm. Ancaq istərdik ki, bu davam etsin.

Oyunla bağlı hansı hissləri keçirirsiniz?

- Aleksey Antonovun iki hissi var. Biri qələbə, digəri qol vurmaq (konfransda Antonov və baş məşqçi iştirak edir - red.).

Geri çəkilmək mümkün deyil. Komandada motivasiya necədir?

- Matça başlayanda "Borussiya"nın oyununun da nəticəsini bilmiş olacağıq. Almanlar qələbə qazansa, bu komandaya əlavə stimul olacaq. Həm onlar, həm də biz qələbə qazansaq, yaxşı olar. Növbəti mərhələni də adlasaq, bu bizim üçün futbol dünyasında təsəvvür etməyəcəyimiz qədər böyük hadisə olacaq.

Qrup mərhələsi "Qəbələ"yə, Azərbaycan futboluna, Qriqorçuka nə verdi və Qriqorçuk nə itirdi?

- Böyük təcrübə, material verdi. Bu material komandanın inkişafında böyük rol oynayacaq. İstərdik ki, daha da irəli gedək. "Qarabağ"a da uğurlar arzulayıram. Bu Azərbaycan futbolunun reytinqini qaldırır. İtirdiyimiz isə bəzi xallar oldu. Ancaq bu futboldur və hər şey baş verə bilər. Qrupdan çıxmaq şansı sonuncu tura qalsa, bu mənim həyatımda böyük hadisə olar. Artıq bu vəziyyəti bir dəfə yaşamışam və növbəti dəfə sizinlə yaşamaq istəyirəm.

"Borussiya" ilə oyunda 3 mərkəz müdafiəçisini meydana çıxarmışdınız. Bu dəfə də belə olacaq?

- Dəqiq bilmirəm. Dortmunddakı oyunda ona görə bu varianta əl atdıq ki, cinah yarımmüdafiəçiləri daha güclü olsun. Onlar həm müdafiədə oynamalı, həm də hücuma qoşulmalıdır. Bu göstəricilərə cavab verən isə Dodo və Zenyov idi.

Fakundo Pereyra PAOK-dan transfer ediləndə razılıq oldu ki, Yunanıstanda oynamayacaq. Bu futbolçunun olmaması planlarınızı pozur?

- Nəzərə almalıyıq ki, zədəli oyunçularımız vardı və onlar yeni qayıdıblar. Ancaq bu razılığa əməl etməliyik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi