Bakı. 16 sentyabr. REPORT.AZ/ "France Football" jurnalı və FİFA "Qızıl top" mükafatının təqdim olunmasına dair tərəfdaşlığa son qoyublar.
"Report"un Fransa nəşrinə istinadən verdiyi məlumata görə, yeni mükafatlandırma şərtləri jurnalın gələn həftə işıq üzü görəcək yeni sayında açıqlanacaq.
"France Football" "Qızıl top"u 1956-cı ildən təqdim etməyə başlayıb. FİFA-nın isə 1988-ci ildə "İlin oyunçusu" nominasiyası üzrə öz mükafatı peyda olub. 2010-cu ildə jurnal rəhbərliyi və FİFA 5 illik müqavilə bağlayıb. Anlaşmada bildirilir ki, "Qızıl top"u FİFA milli komandaların baş məşqçiləri və kapitanları, eləcə də KİV nümayəndələri arasında səsvermə yolu ilə təqdim edir.
***
14:25. "Qızıl top" mükafatı "France Football"a verilə bilər
"Qızıl top"un sahibini yenidən "France Football" nəşri müəyyənləşdirə bilər. "Report"un məlumatına görə, artıq bununla bağlı FİFA prezidenti Canni İnfantino ilə danışıqlar aparılır.
Danışıqlar müsbət nəticələnsə, ali futbol qurumu bu nominasiya üzrə seçimlər etməyəcək.
"Qızıl top"un sahibini 1956 - 2009-cu illərdə "France Football" seçib. 1995-ci ilə qədər bu mükafata yalnız avropalı futbolçular sahib çıxıb. 1991-ci ildən isə FİFA öz mükafatını - "Brilliant top"u təsis edib. 2010-cu ildən isə bu mükafatlar birləşdirilərək "Qızıl top" adı ilə FİFA tərəfindən təqdim olunub.
Qeyd edək ki, "France Football" "Qızıl top" mükafatının sahibini Avropanın aparıcı nəşrlərinin jurnalistlərinin səsverməsi nəticəsində təyin edirdisə, FİFA bu işi bütün yığmaların baş məşqçisi və kapitanlarının öhdəsinə buraxıb. 2010-cu ildən bu mükafat argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldu sahib çıxıb.