Yuxarı

AVRO-2020: İntellektual Kubokun iştirakçıları bəlli oldu

Qeydiyyatdan keçən ilk 40 komanda yarışda iştirak şansı qazanıb
© Affa.az

AVRO-2020-yə həsr olunmuş “İntellektual Kubok”a seçilən komandaların adları artıq bəllidir.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, yanvarın 31-dən fevralın 12-dək davam edən qeydiyyatda 158 komandadan müraciət gəlib.

Qeydiyyatdan keçən ilk 40 komanda yarışda iştirak şansı qazanıb və onlarla iştiraklarını təsdiqləmək üçün əlaqə saxlanılıb. Həmin komandalardan biri "Report"dur.

Qeyd edək ki, turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlərlə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar.

Turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı Fatehdir.

Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda hər 3 komandaya Bakıda keçiriləcək AVRO-2020 oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, I yerə 1200 manat, ikinci yerə 900 manat, üçüncü yerə isə 600 manat pul mükafatı veriləcək.

“İntellektual Kubok” fevralın 16-da “Bulvar Hotel”də keçiriləcək. Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi