"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyunlarını keçirəcək

"Qəbələ" və "Qarabağ" Avropa Liqasında növbəti oyunlarını keçirəcək "Qarabağ" evdə, "Qəbələ" səfərdə meydana çıxacaq
Futbol
20 Oktyabr , 2016 07:00
Qəbələ və Qarabağ Avropa Liqasında növbəti oyunlarını keçirəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində çıxış edən Azərbaycanın "Qəbələ" və "Qarabağ" klubları növbəti oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, "Qəbələ" evdə, "Qarabağ" isə səfərdə meydana çıxacaq.

C qrupunda mübarizə aparan "Qəbələ"nin rəqibi Fransa "Sent-Etyen"i olacaq. "Qırmızı-qaralar" səfər görüşündə qələbə qaznacaqları təqdirdə qrupdakı vəziyyətini bir az yaxşılaşdıraraq 3-cü pilləyə yüksələcək. Məğlubiyyət isə Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın qrupdan çıxmaq şanslarını xeyli azaldacaq. "Qəbələ" qrupda keçirdiyi ilk iki oyunda məğlub olub. İlk olaraq Belçikada "Anaderlext"ə 1:3 hesabı ilə uduzan komanda Bakıda Almaniya "Maynts"ı ilə görüşdən də 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

"Qarabağ" isə Bakıda Yunanıstan PAOK-unu sınağa çəkəcək. J qrupunda çıxış edən "Qarabağ"ın vəziyyəti "Qəbələ" ilə müqayisədə daha ümidvericidir. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ev oyunundan 3 xalla ayrılacağı təqdirdə PAOK-la eyni - 4 xala sahib olacaq. Bu isə İtaliya "Fiorentina"sı və Çexiya "Slovan"ı arasında baş tutacaq oyunun nəticəsindən asılı olaraq, "Qarabağ"ın ikinci pilləyə yüksəlmək şansına malik olması deməkdir. İlk oyunda Bakıda "Slovan"la sülh bağlayan (2:2) "köhlən atlar" İtaliya səfərindən 1:5 hesablı məğlubiyyətlə ayrılıb.

Avropa Liqası, qrup mərhələsi, III tur

20 oktyabr

21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan)

Baş hakim: Alon Yefet

Yan xətt hakimləri: Danni Krasikov, Nissan Davidi

Əlavə köməkçi hakimlər: Roy Reynşreyber, Ziv Adler

Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)

Hakim inspektor: İqor İşenko (Ukrayna)

UEFA nümayəndəsi: Rudolfe Mannaerts (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Xal durumu: "Fiorentina" - 4. PAOK - 4. "Slovan" - 1. "Qarabağ" - 1.

23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Ali Palabıyık

Yan xətt hakimləri: Cem Satman, Ekrem Kan

Əlavə köməkçi hakimlər: Alper Ulusoy, Volkan Bayarslan

Dördüncü hakim: Ceyhun Sesiguzel (hamısı Türkiyə)

Hakim inspektor: Laszlo Vaqner (Macarıstan)

UEFA nümayəndəsi: Yakob Erel (İsrail)

Sent-Etyen. Joffrua Qişar Stadionu

Xal durumu: "Maynts" - 4. "Anderlext" - 4. "Sent-Etyen" - 2. "Qəbələ" - 0.

Son xəbərlər

Orphus sistemi