Yuxarı
    Bağlamaq

    Bu gün "Qəbələ" və "İnter" Avropa Liqasında II təsnifat mərhələsinin ilk görüşlərini keçirəcək

    Azərbaycanın hər iki təmsilçisi səfərdə oynayacaq

    Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın "Qəbələ" və "İnter" klubları futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına çıxacaqlar. "Report"un məlumatına görə, hər iki klub səfərdə oynayacaq.

    Əvvəlcə "Qəbələ"nin Serbiyanın paytaxtı Belqradda "Çukariçki" ilə görüşü başlanacaq. Bakı vaxtı ilə saat 23:30-da start götürəcək matçı rumıniyalı baş hakim Radu Petresku idarə edəcək. Ona həmyerliləri Ovidiu Artene və Vladimir Urzixa yan xətt, Marsel Birsan isə dördüncü hakim kimi yardımçı olacaq.

    Oyun öncəsi mətbuat konfransı keçirən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Çukariçki" barədə kifayət qədər məlumatlı olduqlarını bildirib: "Çox ciddi rəqibdir. Onlar bir mərhələ adlayıb ki, bu da fikrimi təsdiqləyir. Rəqibin oyunçu seçimi, məşqçi işi, oyunun təşkili, komandada görülən işi aydın görünür. “Çukariçki” aqressiv futbol nümayiş etdirir. Sabit heyətə malik komanda xeyli müddət oynaması ilə seçilir. Rəqibimiz çox sadə yolla rəqibi təzyiq altına salmağa çalışır. Top sürətlə rəqib qapısı önünə çatdırılır, komanda güclü mübarizə aparır".

    Ukraynalı mütəxəssis görüşün çətin alınacağını etiraf etsə də, hücum futboluna sadiq qalacaqlarını bildirib: "İstəyirik ki, hücumda daha çox vaxt keçirək, rəqib qapısı önündə oynayaq. İndi elə mərhələdəyik ki, futbolçular arasında anlaşmanı artırmaq üçün zaman lazımdır. “Çukariçki” ilə qarşılaşmada da hücum etmək niyyətindəyik. Çünki dəqiq əminik ki, bizim üstünlük verdiyimiz və nail olmaq istədiyimiz üslub nəticə verir. Biz ideal saydığımız hücum futbolu oynayacaq, buna çalışacağıq. Heyətimizdə kifayət qədər təcrübəli oyunçular var. İndi mübarizə apardığımız turnirin qalibi olan futbolçu – Aleksey Qay da komandamızda çıxış edir. Belə beynəlxalq oyunlar təcrübəsinə malik futbolçuların heyətdə olması yaxşıdır”.

    "İnter" isə İslandiyada "Hafnarfyördur" komandasının qonağı olacaq. Bu gecə Bakı vaxtı ilə saat 00:15-də başlanacaq qarşılaşmanı Mixael Lerjeusun başçılığı altında isveçli hakimlər briqadası idarə edəcək. Ona Daniel Qustavsson və Maqnus Syöblom yan xətt, Kristoffer Karlsson isə dördüncü hakim kimi yardımçı olacaq. Oyuna iki gün öncədən yollanan "İnter" yerli şəraitə uyğunlaşmaq üçün kifayət qədər imkan əldə edib. Ötən gün komandanın baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Gürcüstanlı mütəxəssis komandasının heyətindəki yeni futbolçulara rəğmən, oyundan sərfəli nəticə ilə ayrılmaq istədiklərini bildirib: "Rəqibin son oyunlarını izləmişik. Şanslar bərabərdir. Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq".

    Qeyd edək ki, cavab görüşləri iyulun 23-də Bakıda olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi