Yuxarı

"Qəbələ" Rusiya "Arsenal"ı ilə məhsuldar heç-heçə edib - VİDEO

"Qəbələ" Rusiya "Arsenal"ı ilə məhsuldar heç-heçə edib - VİDEO
İlk hissədə qapılara 5 qol vurulub

Bakı. 28 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

“Report” xəbər verir ki, hazırlıq prosesində 4-cü sınağına çıxan komanda Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gəlib.

“Qırmızı-qaralar” Tula təmsilçisi ilə görüşə aşağıdakı start heyəti ilə başlayıb: Dmitri Bezotosnı, Qismət Alıyev, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Asif Məmmədov, Cavid Hüseynov, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Ruslan Qurbanov.

Qarşılıqlı hücumlar şəraitində keçən oyun məhsuldar alınıb. Xüsusilə də 5 qolun vurulduğu ilk yarı bu baxımdan diqqət çəkib. Rusiya təmsilçisi artıq 4-cü dəqiqədə hesabı açıb. Kantemir Berxamov erkən qolla şimallıları sevindirib. Az keçməmiş Filip Ozobiç divar paslaşmasından sonra gözəl zərbə ilə hesabda tarazlıq yaradıb. Qoldan sonra da tərəflər hücumlara ara verməyib və “Arsenal”ın künc zərbəsi biri Kantemirin yenidən fərqlənməsi ilə nəticələnib. “Qırmızı-qaralar” bu qolun da cavabını çox gözlətməyib. Stiven Monroz “doqquzluğ”a ünvanlandığı gözəl zərbə ilə yenidən tarazlığı bərpa edib. Fasilə ərəfəsində het-trikini rəsmiləşdirən Kantemir “Arsenal”ı yenidən önə çıxarıb.

Fasilədə və oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də Təmkin Xəlilzadə, Dion Malone, Elvin Məmmədov, Famussa Kone, İlqar Qurbanov və Rasim Ramaldanov meydana çıxıb. İlk yarı məhsuldarlığı ilə diqqət çəkmişdisə, ikinci hissə nisbətən sakit məcrada davam edib. Amma tulalıların bir neçə dəfə kobudluğa yol verməsi də diqqət çəkib. Şimallılar qırmızı vərəqə və penalti ilə də cəzalanıb. Lakin Təmkin Xəlilzadə 11 metrlik nöqtədən fərqlənə bilməyib. Amma rəqibin daha bir kobudluğu təhlükəli cərimə zərbəsi ilə nəticələnib. Zərbədən sonra topa toxunan Vitali Vernidub matçda son nöqtəni qoyub – 3:3.

Beləliklə, bunadək Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1) və Makedoniyanın “Rabotniçki” (2:1) klubları ilə görüşən “Qəbələ” ikinci heç-heçəsinə imza atıb.

Yoxlama oyunu, 27 yanvar

“Qəbələ” (Azərbaycan) – “Arsenal” (Tula, Rusiya) - 3:3

Qollar: Filip Ozobiç, 16, Stiven Monroz, 32, Vitali Vernidub, 83 - Kantemir Berxamov, 5, 28, 44

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi