Yuxarı
    Bağlamaq

    ​"Qəbələ"nin vitse-prezidenti: "İlk yarıdakı qol vəziyyətlərindən istifadə etmək lazım idi"

    Bunların bir-ikisindən yararlana bilsəydik, oyun başqa cür ola bilərdi

    Bakı. 22 oktyabr. REPORT.AZ/ "Futbolçularımız sonadək mübarizə apardılar. Amma məncə, ikinci qoldan sonra məğlubiyyətlə barışdıqları hiss olunurdu".

    "Report"un məlumatına görə, bunu "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:3 hesablı məğlubiyyətdən sonra deyib.

    Klub rəsmisi futbolçuların rəqibdən çəkindiklərinə dair fikirlərlə razılaşmayıb:

    "Mən belə deməzdim. Nəzərə alın ki, biz "Borussiya"ya qarşı oynadıq. Məncə, əlimizdən nə gəlirdisə, hamısını etdik. Sadəcə, ilk yarıda yaratdığımız 4 qol vəziyyətindən istifadə etmək lazım idi. Fikrimcə, bunların bir-ikisindən yararlana bilsəydik, oyun başqa cür ola bilərdi. Hərçənd, rəqibin də kifayət qədər imkanı oldu. "Qəbələ" meydana bir məqsəd üçün - xal qazanmağa çıxır. Bunu oyun zamanı da görmək olur. İndi də elə etdik. Sadəcə, səviyyə fərqi özünü göstərdi".

    F.Nəcəfov "Bakcell Arena"nın tribunalarını dolduran azarkeşlərə təşəkkür etməklə yanaşı, onlardan bəzilərinin sonadək qalmamasından şikayətlənib:

    "Onlara minnətdaram ki, gəlib komandamızı dəstəklədilər. Amma bəzilərinin axıradək oturmağa səbrləri çatmadı. Uduzsaq da, komandanı sonadək dəstəkləmək lazımdır. Bu ənənə formalaşmalıdır. "Borussiya"nın qapıçısı Roman Vaydenfellerin azarkeşlərimizdən şikayətləndiyini mən də gördüm. Amma şikayətinin səbəbini dəqiqləşdirmək lazımdır. Ola bilsin, şikayətlənib ki, gözünə işıq düşür".

    Oyunu izləyənlər arasında "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin də olub. Vitse-prezident rusiyalı mütəxəssisin dəvət əsasında oyuna baxmağa gəldiyini söyləyib:

    "Komandamızın xüsusən ilk yarıdakı oyunu və müdafiə xəttimiz Syominin xoşuna gəldi".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi