"Qəbələ"nin vitse-prezidenti: "Evdə oynayırdıq, matçı uğurlu nəticə ilə başa vurmalı idik" - MÜSAHİBƏ

"Qəbələ"nin vitse-prezidenti: "Evdə oynayırdıq, matçı uğurlu nəticə ilə başa vurmalı idik" - MÜSAHİBƏ "Yaratdığımız qol vəziyyətlərindən yararlana bilmədik"
Futbol
30 Sentyabr , 2016 03:02
Qəbələnin vitse-prezidenti: Evdə oynayırdıq, matçı uğurlu nəticə ilə başa vurmalı idik - MÜSAHİBƏ

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Evdə oynayırdıq, qalib gəlməli, matçı uğurlu nəticə ilə başa vurmalı idik".

"Report" xəbər verir ki, bu sözləri Avropa Liqasında "Maynts"a (Almaniya) 2:3 hesablı məğlubiyyətdən sonra brifinq keçirən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

O, əvvəlcə oyun barədə danışıb:

"Şansımızı çoxaltmaq üçün məqam yetişmişdi. Evdə oynayırdıq, qalib gəlməli, matçı uğurlu nəticə ilə başa vurmalı idik. Görüş maraqlı keçdi. Yaratdığımız qol vəziyyətlərindən yararlana bilmədik".

Fariz Nəcəfov daha sonra sualları cavablandırıb:

Komandanızın oyunundan razı qaldınız?

- Səhv istənilən komandada olur. Razı qaldım. Futbolçuların hamısına təşəkkür edirəm.

Ardıcıl ikinci məğlubiyyəti aldınız. Bu oyunu qırılma nöqtəsi adlandırmaq olar?

- Məncə, hələ şans var.

Bu məğlubiyyət ölkə çempionatındakı çıxışınıza necə təsir edə bilər?

- Ötənilki ilə hazırkı komanda arasında çox böyük fərq var. Artıq bir illik təcrübəmiz var. Hardasa səhvlər etmişdiksə, artıq onları görür, bilir və təkrarlamamağa çalışırıq. İnanmıram ki, ötənilki səhvlər bu il də olsun. Hər şey ola bilər. Amma Premyer Liqa ilə Avropa Liqası fərqli yarışlardır. Ona görə də növbəti oyunlara maksimum səylə hazırlaşıb qələbə əldə etmək lazımdır.

Teo Uiks və Nika Kvekveskirinin yoxluğunu hiss etdiniz?

- Keçən oyun da hiss etmişdim. Oyunçularımızın sayı məhduddur. Ona görə də heyətdən kənarda qalan hər bir futbolçumuzun yoxluğu hiss olunur.

Demək olarmı ki, "Qəbələ" əvəzləmələrin güdazına getdi. Çünki rəqib komanda dəyişikliklərdən yararlandı, komandanız yox...

- Bəli. Səbəblərdən biri idi.

Azərbaycan və Almaniya çempionatları arasındakı səviyyə fərqi göz önündədir. Amma bura qədər gəlib çıxmışıqsa, irəliləmək lazımdır. Buna nə mane olur?

- Səviyyə fərqi hiss olunur. Özünüz hər şeyi görürsünüz. Hər şeyin axırı gəlib büdcəyə bağlanır. Çox böyük fərqimiz var. Elə büdcəni demək kifayət edir. Çünki hər şeyi büdcə həll edir. Çalışırıq ki, şəhərimizi, ölkəmizi layiqincə təmsil edək. Məncə, bu cür oyunlarla buna nail oluruq. Uduzsaq da, sonadək mübarizə aparır, əlimizdən nə gəlirsə, etməyə çalışırıq. Demirəm ki, büdcəmiz olsa, bir-iki oyunçu almaqla hər şeyi yoluna qoyacağıq. Amma "Mayts"ın büdcəsi bizimkindən 8-9 dəfə böyükdür. Bunu nəzərdə tuturam. Avropa Liqasında zəif komanda yoxdur. Bütün komandalar belə böyük büdcə ilə mübarizə aparır.

Premyer Liqadakı rəqabətsizlik öz sözünü deyir?

- Çempionatla Avroliqanı müqayisə etmək olmaz. Bunlar fərqli turnirlərdir. Biz hər gün rəqabətsizlikdən danışırıq. Çox istərdik ki, rəqabət böyük olsun. Amma bugünkü reallıq belədir. Biz bununla barışmalıyıq və çempionatımızı bu tempdə inkişaf etdirməyə çalışmalıyıq. Başqa yolumuz yoxdur.

Roman Qriqorçukun adı başqa komandalarla birgə hallananda "Qəbələ"də eniş başlanır...

- Siz nəyə eniş deyirsiniz? Bizdə eniş getmir axı... Evimizdə güclü rəqiblə oynamışıq. Uduzmağımıza baxmayaraq, səviyyəli oyun sərgiləmişik. Məncə, bu, eniş deyil. Qəbul etmək lazımdır ki, rəqib çox güclüdür. Bunun başqa izahı yoxdur. Desəm ki, baş məşqçinin hansısa taktiki səhvi vardı, birincisi, mütəxəssis deyiləm, ikincisi, səhv edə bilərəm. Bu futbolçularla maksimum nə edə biliriksə, edirik. Başqa edə biləcəyimiz bir şey yoxdur.

Hazırda çempionatda lidersiniz. Sonadək belə davam edə biləcəksiniz?

- Bunu çempionatın gedişi göstərəcək. Proqnoz verməyi xoşlamıram. Amma komanda, klub, rəhbərlik olaraq, üzərimizə nə düşürsə, hər iki yarışda etməyə çalışırıq. Lakin nəticənin necə olacağını zaman göstərər.

Son xəbərlər

Orphus sistemi