Yuxarı

"Qəbələ"nin vitse-prezidenti: "Cavid Hüseynov bizi təəccübləndirdi"

Fiziki hazırlığı gözlənildiyi kimi aşağı deyil

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Oyuna çıxana qədər hazır olmalıdır. Komandaya yardımçı olmaq üçün edəcəyi müəyyən prosedurlar var". 

Bunu "Report"a "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov komandanın sabiq futbolçusu Cavid Hüseynovla imzalanan müqavilə haqda danışarkən deyib.

O, keçmiş kapitanın onları təəccübləndirdiyini bildirib: "Cavidlə görüşdüm, danışdım. Təəccüblü olsa da, fiziki hazırlıq üzrə məşqçimiz bir gün onunla hazırlaşıb. Gözlənilənin əksinə olaraq onun fiziki forma hazırlığı aşağı deyil. Ən azından Cavid bərpaedici məşqlər üçün hazırdır. Bundan sonra formasını da bərpa edib komandaya kömək edə bilər. Bunlar hamısı texniki məsələlərdir. Klub olaraq Cavidlə müqavilə imzalamağa qərar verdik. Tez bir zamanda formaya düşüb komandaya kömək etsin".

Vitse-prezident sabiq kapitanın yenidən komandanın lideri olacağına belə münasibət bildirib: "Bu məsələlər baş məşqçi və komandanın bir neçə futbolçusu ilə məsləhətləşdirilmiş şəkildə olur. Rəhbərlik kapitanın kim olması ilə bağlı baş məşqçiyə heç bir müraciət etmir. Kim layiqdirsə, özünü lider hesab edirsə, buna uyğun addım atırsa, o da kapitan olur".

Klub rəsmisi müqavilənin mövsümün sonunadək imzalanmasından da danışıb: "Belə məsləhət oldu ki, mövsüm sonunadək qalsın. Ehtiyac duyularsa, gələcəkdə müqavilə artırıla da bilər".

Qeyd edək ki, "Qəbələ" bu gün C.Hüseynovla mövsüm sonunadək müqavilə imzaladağını açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi