"Qəbələ"nin sabiq futbolçusu karyerası ərzində 3-cü dəfə "Beşiktaş"a qol vurub

"Qəbələ"nin sabiq futbolçusu karyerası ərzində 3-cü dəfə "Beşiktaş"a qol vurub Ermin Zets mövsüm ərzində də eyni sayda fərqlənib
Futbol
11 Fevral , 2017 17:49
Qəbələnin sabiq futbolçusu karyerası ərzində 3-cü dəfə Beşiktaşa qol vurub

Bakı. 11 fevral. REPORT.AZ/ "Qəbələ"nin sabiq futbolçusu, hazırda Türkiyənin "Karabükspor" klubunda çıxış edən Ermin Zets karyerasında 3-cü dəfə "Beşiktaş"ı məyus edib. "Report"un məlumatına görə, bosniya və herseqovinalı hücumçu Super Liqada XX turun açılış matçında ikinci hissədə oyuna girərək, hesabı açıb.

O, karyerası ərzində "qartallar"a ilk qolunu hələ 22 yaşında ikən - 2010-2011 mövsümündə 2,2 milyon avroya transfer olunduğu "Gənclərbirliyi"nin heyətində vurub. Zets mərhum klub prezidenti İlhan Cavcavın həmin vaxtadək ən yüksək transfer haqqı ödədiyi futbolçu olub. Ankara komandasında ümidləri doğrultmasa da, "Beşiktaş"la görüşdə qol vurmağı bacarıb.

4 il sonra - 2014-2015 mövsümünün əvvəlində o, Xorvatiya "Riyeka"sına, qış fasiləsində isə "Balıkesirspor"a keçib. Türkiyə təmsilçisi Super Liqaya ensə də, "Beşiktaş"ı yenməyi başarıb və mövsümün ən böyük sürprizlərindən birinə imza atıb. Həmin oyunda da Zets qol vurub.

Bundan sonra təcrübəli hücumçu "Qəbələ"yə keçib. Azərbaycan klubunda bir mövsüm çıxış etdikdən sonra Zets yenidən Türkiyəyə qayıdıb. Bu dəfə o, "Karabükspor"da peyda olub. Ötən gün komandada 12-ci matçına çıxan hücumçu bu mövsüm 3-cü dəfə fərqlənib.

Qeyd edək ki, "Karabükspor" "Beşiktaş"ı 2:1 hesabı ilə yenib. Ermin Zets 50-ci dəqiqədə fərqlənib. 

Son xəbərlər

Orphus sistemi