Bakı. 23 fevral. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.
Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Qeyd edək ki, Elvin Camalov Azərbaycan Premyer Liqasında XVIII turun “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.