"Qəbələ" klubunun zədəli futbolçularının vəziyyətinə aydınlıq gəlib

"Qəbələ" klubunun zədəli futbolçularının vəziyyətinə aydınlıq gəlib Həkim-fizioterapevt hər iki futbolçunun tezliklə komandaya qoşulacağını bildirib
Futbol
24 Fevral , 2015 09:52
Qəbələ klubunun zədəli futbolçularının vəziyyətinə aydınlıq gəlib

Bakı. 24 fevral. REPORT.AZ/ Zədə üzündən “Qəbələ”nin hazırlıqlarında iştirak etməyən Rəşad Sadiqovla Ruslan Əmircanovun problemi ciddi deyil. "Report"un məlumatına görə, bu barədə klubun rəsmi saytına açıqlama verən həkim-fizioterapevt Rahim Məhərrəmov hər iki futbolçunun tezliklə komandaya qoşulacağını bildirib.

O, qeyd edib ki, fevralın 19-da keçirilən Azərbaycan Premyer Liqasının XXIII turunun “Xəzər Lənkəran”la matçının 82-ci dəqiqəsində meydana daxil olan, cəmi iki dəqiqə sonra əvəzlənmək zərurəti yaranan Sadiqovun durumu qənaətbəxşdir: “Rəşadın əzələsi gərilmişdi. Bu da ciddi problem sayılmır. Maksimum bir həftəyə durumu tam düzələcək. Gələn həftədən yarımmüdafiəçi komandanın məşqlərinə qatıla biləcək”.

Mövsümün ilk yarısında aldığı zədədən sonra əməliyyat olunub, komandaya qayıdan R.Əmircanov 2015-ci ildə yalnız “Bakı” ilə oyunda meydana çıxıb. Məhərrəmov müdafiəçinin də tezliklə meydana qayıdacağını bildirib: “Ruslan ötən ilin dekabrında Türkiyənin İstanbul şəhərindəki “Acıbadem” Fulya Xəstəxanasında diz meniskindən əməliyyat olunmuşdu. O, komandanın Antalya toplanışına da qatılmışdı. Lakin III dövrənin ilk oyunundan sonra yenidən ağrılar hiss etdi. Bu üzdən onun yenidən Türkiyəyə yollanmasını, əməliyyatı gerçəkləşdirən həkim tərəfindən təkrar müayinə edilməsini məqsədəuyğun saydıq. Artıq Əmircanovun müayinəsinin nəticələri də məlumdur. Onun da durumunda ciddi problem yoxdur. Futbolçu bu həftə ölkəmizə qayıdır. Rəşad kimi Ruslan da gələn həftədən komandanın məşqlərinə qatıla biləcək. Hər iki futbolçu martın 4-də baş tutacaq kubok matçına hazır ola bilər”.

Qeyd edək ki, “Qəbələ” fevralın 28-də Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində “Qarabağ”la səfərdə, martın 4-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Simurq”la evdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi