"Sabah"ın baş məşqçisi: "Legioner axtarırıq ki, hücum xəttini gücləndirsin" - MÜSAHİBƏ

"Sabah"ın baş məşqçisi: "Legioner axtarırıq ki, hücum xəttini gücləndirsin" - MÜSAHİBƏ Qəbələ" ilə bizim səviyyəmizi bir götürmək düzgün deyil"
Futbol
26 Dekabr , 2018 14:52
Sabahın baş məşqçisi: Legioner axtarırıq ki, hücum xəttini gücləndirsin - MÜSAHİBƏ

Bakı. 26 dekabr. REPORT.AZ/ "Sabah" klubunun baş məşqçisi Elşad Əhmədovun "Report"a müsahibəsi:

- Mövsümün birinci hissəsini necə dəyərləndirirsiniz?

- İlk yarı komandamız üçün normal keçdi. Qənaətbəxş hesab etmək olar. "Sabah"ın qarşısına qoyulan məqsəd Premyer Liqada qalmaq və möhkəmlənməkdir. İmkan tapdıqda isə turnir cədvəlinin irəli pillələrində yer almağı hədəfləmişik. Hər hansı yeri tutmaq bizim üçün məqsəd olmayıb. "Sabah"ın gənclərinə və yerli futbolçulara daha çox üstünlük veririk.

- Komanda sonuncu qələbəsini Premyer Liqanın IX turunda qazanıb və ölkə kubokunda da mübarizəni dayandırıb. Bu uğursuz çıxışı nə ilə əlaqələndirmək olar?

- Son olaraq "Zirə"ni məğlub etmişik. Həmin oyundan sonra zədələr başladı. Heyətimiz geniş olmadığı üçün bu, komandamıza təsir etdi. Ən çox da Marko Deviç və Kərim Diniyevin olmaması təsirini göstərdi. Demək olar ki, məğlubiyyətlərimiz daha çox olub. Çempionatda 5 oyundan 4-də məğlub olduq. Bu uğursuzluğu zədəyə bağlamaq olar. Ehtiyat gücümüz zəifdir. Kubokda isə "Qəbələ" ilə vuruşduq. Bu komanda ilə bizim səviyyəmizi bir götürmək düzgün deyil. Bacardığımız qədər oynadıq. Səfər matçında qol imkanlarından istifadə edə bilsəydik, görüş qollu heç-heçə ilə yekunlaşsa belə, Bakıda başqa cür olacaqdı.

- Komandadakı hücumçu problemini həll etməyi düşünürsünüz?

- Əlbəttə. Hücumameyilli vinger almağı planlaşdırırıq. İstəyirik ki, elə futbolçu alaq ki, 9 nömrə mövqeyində də oynaya bilsin.

- Gündəminizdə belə bir futbolçu var?

- Yerli futbolçuların hamısının komandaları ilə müqavilələri var. Ölkə xaricindəki legionerlərə baxırıq və hələ ki axtarışdayıq.

- "Sabah"ın futbolçularına necə, hər hansı bir klubdan təklif olub?

- Xeyr, kluba heç bir təklif gəlməyib.

- Rəşad Eyubovu heyətinə qatdınız. Hər kəs bu transferin davamının gələcəyini gözləyirdi. Lakin hazırda bu yöndə bir durğunluq var. Bunu nə ilə əlaqələndirirsiniz?

- 6 futbolçu ilə yollarımızı ayırdıq. Əvəzində 3 futbolçu və 1 qapıçını "Sabah-2"dən əsas komandaya cəlb etdik. Həmin oyunçular "Vətən" futbol klubunun yetirmələridir. Onlara üstünlük verdik və gəncləri komandaya cəlb etdik. İmkan daxilində legioner oyunçu axtarırıq ki, hücum xəttini gücləndirsin. Həmin gənc oyunçular mövsümün ikinci yarısında da əsas komandada olacaq. Vaxt olduqca oyunlarda onlara da şans verirdik. Şakir Seyidov, Emil Qasımov və Zahid Mərdanovu misal göstərə bilərəm. 

- Antaliyadakı təlim-məşq toplanışındakı rəqibləriniz bəllidir?

- Türkiyədə 4 oyun keçirəcəyik. Rəqiblərdən 2-si artıq bəllidir. Qazaxıstanın "Tobol" və Macarıstanın "MTK Budapeşt" komandaları ilə qarşılaşacağıq. Digər iki rəqibimiz isə hələ bilinmir.

Son xəbərlər

Orphus sistemi