Qaranlıq və "soyuq" şəhər, adı şəraba verilən futbolçu - REPORTAJ

Qaranlıq və "soyuq" şəhər, adı şəraba verilən futbolçu - REPORTAJ AVRO-2020-nin son seçmə oyunu üçün Azərbaycan millisi ilə birgə Slovakiyanın paytaxtı Bratislavada idik. Reportun əməkdaşı kimi ilk dəfə yığmanın oyununu işıqlandırmağa ezam olunmuşdum.
Futbol
20 Noyabr , 2019 14:52
Qaranlıq və soyuq şəhər, adı şəraba verilən futbolçu - REPORTAJ

AVRO-2020-nin son seçmə oyunu üçün Azərbaycan millisi ilə birgə Slovakiyanın paytaxtı Bratislavada idik. "Report"un əməkdaşı kimi ilk dəfə yığmanın oyununu işıqlandırmağa ezam olunmuşdum. 

Təbii ki, səfər öncəsi futbolçuların əhval-ruhiyyəsi elə də yüksək səviyyədə deyildi. Bu da başa düşülən idi. Səfərdən bir gün əvvəl komanda Bakıda Uelsə məğlub olmuşdu. 

3 saat 40 dəqiqəlik uçuşdan sonra təyyarə Bratislavaya endi. Yığmanın oyunu Trnava şəhərində olsa da, komanda və media nümayəndələri paytaxtda qaldı. Hava limanına yerli vaxtla saat 17:00-da çatarkən ilk olaraq, hər tərəfin qaranlıq olması diqqətimizi cəlb etdi. Düşündük ki, ilk gündə Bratislavanı, az da olsa, aydınlıq içində görə bilərdik. Burada sanki səhərlər də gec açılır. Slovakiya xalqı, sözün əsl mənasında, gün üzünə həsrətdir. 

Bratislava paytaxt şəhər olsa da, Milan Rastislav Ştefanik adına hava limanında demək olar ki, sıxlıq yox idi. Bunu da hardasa anlamaq olardı. Avropanın mərkəzi, əhalisi yarım milyondan bir az çox olan şəhər üçün normal haldır. Burada turistlər də azdır. Nə də olsa, turizm Çexiyadakı qədər inkişaf etməyib. Yaxınlıqda Vyana kimi şəhərin olması da bu baxımdan Bratislavanın işinə yaramır. 

Dunay çayının sahilindəki "soyuq" Bratislava

Burada yenilərlə yanaşı, köhnə binalara da rast gəlmək mümkündür. Hətta şəhərin mərkəzində eyvanlarında həsir olan evlər də var. Şəhər boyu demək olar ki, binaların 99 faizinin üzərində müxtəlif yazılar, fotolar, rəsmlər (qraffiti) həkk olunub. Bəziləri var ki, göz oxşayır. Lakin əksəriyyəti şəhərin görkəmini, gözəlliyini demək olar ki, pis edir.

Şəhərdaxili sərnişin daşımasında trolleybus və tramvaydan istifadə olunur. Bu da ekologiyanın təmizliyi baxımından önəmlidir. Payızın daha çox hiss olunduğu və Dunay çayının sahilində yerləşən Bratislavada insanların münasibəti də nədənsə soyuq idi. Bəlkə də düşünərsiniz ki, üç günə görə hansısa şəhərin əhalisi ilə bağlı fikir yürütmək düzgün deyil. Amma üç gün ərzində belə münasibətlə qarşılaşdığımız halların sayı üçdən çox olubsa, deməli, düşünməyə dəyər. 

İlk gündəcə polis işçisinə yolu soruşmaq üçün müraciət edəndə bunun şahidi olduq. Onun bizə cavabı, kobud şəkildə "Tez yolu qarşı tərəfə keçin" oldu. Halbuki, əsas məqsəd, sadəcə, axşam saatlarında şəhərdə market tapmaq idi. Onu da qeyd edim ki, ümumiyyətlə şəhərdə market çox azdır. Vətəndaşların bizə belə münasibəti yalnız polis işçisi tərəfindən göstərilmədi. Ertəsi gün cavan oğlanı saxlayıb yolu soruşmaq istədiq. Bizə "Hi" ("Salam") dedikdən sonra yoluna davam etdi. "Macəra" bununla da yekunlaşmır. Universitetin qarşısında tələbədən bizim şəklimizi çəkməyini istəsək də, "No" ("Yox") cavabını aldıq. Bu kimi daha 2-3 şəxs bizlərə cavab vermədi.

"Karvan"ın tarix yazdığı, "İnter"in uduzduğu Slovakiyadan Nikola Yurçeviç də məğlub ayrıldı

Ölkədə ən çox inkişaf etmiş idman növlərindən biri də buzüstü hokkeydir. İlk gündə şəhərlə tanış olmaq istədik. Bu məqsədlə otelin yaxınlığında "Slovan" klubuna məxsus hokkey mərkəzinə baş çəkdik. Öyrəndik ki, arenada həvəskarlar liqasının oyunu da keçirilir. Peşəkar komandaların oyunlarında isə yetərincə azarkeş olur.

Futbol matçı isə Bratislavada deyil, Trnavada keçirildi. Cəmi 50 km aralıdakı şəhərin 99 illik tarixə və 20 minədək tamaşaçı tutumuna malik Anton Malatinski adına stadionunda. Bu şəhərin "Spartak" komandasına qarşı əvvəllər Azərbaycanın iki klubu oynamışdı. Artıq tarixə qovuşmuş "Karvan" "Spartak"ı həm səfərdə, həm də evdə 1:0 hesabı ilə məğlub edərək, UEFA Kubokunda mərhələ keçən ilk komandamız olmuşdu. Amma həmin qarşılaşma Trnava ilə Bratislava arasındakı Senets şəhərində keçirilmişdi. Əvəzində hazırkı "Keşlə" (əvvəlki "İnter") 10 il əvvəl "Spartak"a məhz Trnavadakı stadionda 1:2 hesabı ilə uduzmuşdu.  

Oyunöncəsi mətbuat konfransına və oyun üçün isə Trnava şəhərinə yollanarkən yığmanın yaxşı nəticə qazana biləcəyinə ümid edirdik. Nə də olsa, bu, bizim komandadır. Dünənki matçda da sadəcə ümid etdik. Oyun başlayanadək komandalar arasındakı fərq hiss olunurdu. İkinci hissədə komandamızın nisbətən aktiv görünməyinin səbəbi digər oyunla bağlı idi. Uels Macarıstanla görüşün ikinci hissəsi başlar-başlama növbəti qolunu vuraraq, qrupdan ikinci vəsiqənin taleyini həll edirdi. Bu, slovakiyalılar üçün qane edici nəticə sayılmırdı...

Beləliklə, Slovakiya yığmasının ən parlaq siması Marek Hamşikin bəlkə də sonuncu Avropa çempionatında oynamaq arzusu ürəyində qaldı. Amma hər halda, oyunda son nöqtəni özü qoya bildi. Adını daşıyan şərabdan isə ürəklə dada bilmədi... 

Yurçeviçin seçmə mərhələdəki uğursuzluğu barədə isə çox danışmaq olar. Bəzi oyunçulara şans verilməməsi, heyətin düzgün qurulmaması və sair və ilaxır. Amma son sözü AFFA İcraiyyə Komitəsi deyəcək. 

Mən isə yazımın əvvəlində "Milli ilə ilk səfərim idi" dedim. Yəqin ki, Yurçeviçin son səfəri olar...

Son xəbərlər

Orphus sistemi