Yuxarı

"Qarabağ" yeni transferləri ilə iki illik müqavilə bağlayıb

Dimitrovski ilə də anlaşmanın əldə olunacağı istisna deyil

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubu yeni futbolçularını açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yay transfer pəncərəsinin son günündə Samuel Kristian Nunyes Yansson Armenteros və Migel Markos Madera ilə müqavilə bağlanılıb. 

25 yaşlı Armenterosun son klubu Hollandiyanın Erediviziya təmsilçisi "Villem II" olub. Lakin o, icarə əsasında Belçika "Anderlext"inə məxsusdur. İsveçin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinmiş hücumçu ötən mövsüm komandasında 29 oyuna 11 qol vurub. Daha öncə "Feyenord"un da formasını geyinmiş forvardla iki illik müqavilə bağlanılıb.

İspaniyalı yarımmüdafiəçi Maderanın sonuncu klubu isə "Makkabi" (Hayfa, İsrail) olub. Karyerasına İspaniya "Sportinq"ində başlayan 29 yaşlı futbolçu sonradan İngiltərə "Birmingem"inə və Yunanıstan AEK-inə transfer olub. O, karyerasının ən yaxşı dönəmini öz ölkəsinin "Xetafe" klubunda keçirib. 3 il La Liqada çıxış etmiş Miçel ləqəbli futbolçu sonuncu mövsümü İsraildə keçirib. Onunla da eyni müddətə anlaşma əldə olunub. Hər iki futbolçu Avropa Liqasına göndərilmiş siyahıya salınıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası və ölkə kubokunda da mübarizə aparan "Qarabağ" daha bir transferi reallaşdırmaq ərəfəsindədir. Ağdam komandası Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, tərəflərdən asılı olmayan səbəblərdən transfer gecikir. Amma Dimitrovski ilə müqavilə bağlanacağı istisna deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi