Avropa Liqasında "Qarabağ" - "Slovan" matçının stadionu müəyyənləşib

Avropa Liqasında "Qarabağ" - "Slovan" matçının stadionu müəyyənləşib Ağdam klubu Bakı Olimpiya Stadionundan imtina edib
Futbol
30 Avqust , 2016 15:03
Avropa Liqasında Qarabağ - Slovan matçının stadionu müəyyənləşib

Bakı. 30 avqust. REPORT.AZ/ "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turunda Çexiya "Slovan"ını Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da qəbul edəcək. Bu barədə "Report"a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Ə.Çəlikəlin sözlərinə görə, bu gün Bakı Olimpiya Stadionuna da baxış keçirildikdən sonra belə qərar qəbul edilib: "Bu gün əməkdaşlarımız Bakı Olimpiya stadionunda olub. Arenaya baxış zamanı ot örtüyünün Tofiq Bəhramov adına Respublika stadionunkundan ciddi fərqlənmədiyi qənaətinə gəlinib. Ona görə də digər variantımız olan "Dalğa Arena"da oynamağa qərar vermişik". 

"Qarabağ" rəsmisi stadion seçimi barədə UEFA-nı da məlumatlandıracaqlarını və təsdiq cavabı alacaqları təqdirdə, "Slovan"ı "Dalğa Arena"da qəbul edəcəklərini bildirib. O, digər ev oyunlarını isə icarəyə götürdükləri Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini açıqlayıb: "Hazırda Respublika stadionunda ot örtüyünün təmirinə başlanılıb. Düşünürəm ki, ikinci ev oyunumuzadək öz stadionumuz hazır vəziyyətə gələcək və oyunlarımızı orada keçirəcəyik". 

Qeyd edək ki, "Qarabağ" "Slovan"ını sentyabrın 15-də, Yunanıstan PAOK-unu oktyabrın 20-də, İtaliya "Fiorentina"sını isə dekabrın 8-də qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi