"Qarabağ" - "Rudar" matçı qırmızı vərəqəyə meylli hakimə tapşırılıb

"Qarabağ" - "Rudar" matçı qırmızı vərəqəyə meylli hakimə tapşırılıb Bakıdakı oyuna təyinatlar açıqlanıb
Futbol
10 İyul , 2015 17:51
Qarabağ - Rudar matçı qırmızı vərəqəyə meylli hakimə tapşırılıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubunun futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqronun "Rudar" komandası ilə Bakıda keçirəcəyi ilk oyuna bütün təyinatlar açıqlanıb. "Report"un əldə etdiyi məlumata görə, qarşılaşmanı rumıniyalı baş hakim Sebastyan Konstantin Koltesku idarə edəcək. 

Ona həmyerlilərindən Radu Adrian Ștefan Ginqulyak və Mirça Mixail Qriqoryu yan xətt, George Katalin Qaman 4-cü hakim qismində yardımçı olacaq. Ukraynalı Vladimir Petrov UEFA hakim-inspektoru, bolqarıstanlı İvan Borisov Lekov isə UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcək. İyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:30-da başlanacaq. 

Qeyd edək ki, Sebastyan Konstantin Koltesku 2006-cı ildən FİFA referisidir. 38 yaşlı ədalət təmsilçisi 21 yaşadək futbolçular arasında 2009-cu ildə Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan - Xorvatiya matçını idarə edib. Oyun Xorvatiya yığmasının qələbəsi ilə yekunlaşıb - 2:3. Koltesku bu matçda Azərbaycan millisinin futbolçusuna qırmızı vərəqə göstərib. Ümumiyyətlə, Koltesku vərəqələrə meylli hakimdir. O, idarə etdiyi 14 beynəlxalq görüşdə 7 futbolçunu, ötən mövsüm Rumıniya çempionatında isə baş hakim olduğu 20 matçda 15 oyunçunu meydandan qovub. Rumıniyalı referi hətta 2013-cu il mayın 29-da "Petrolul" - "Mediaş" görüşündə 6 qırmızı vərəqə göstərib. Bunlardan 4-ü meydan sahiblərinin, 2-si qonaqların passivinə yazılıb. Bu matçda 10 sarı vərəqə də qeydə alınıb.  

Son xəbərlər

Orphus sistemi