"Qarabağ" qrupdan çıxsa, yenidən "Zalsburq"la görüşə bilər

"Qarabağ" qrupdan çıxsa, yenidən "Zalsburq"la görüşə bilər 16 potensial rəqibdən yarısı müəyyənləşib
Futbol
11 Dekabr , 2014 10:22
Qarabağ qrupdan çıxsa, yenidən Zalsburqla görüşə bilər

Bakı. 11 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/16 finala yüksələcəyi halda, Azərbaycanın "Qarabağ" klubunun potensial rəqiblərindən 4-ü müəyyənləşib. "Report"un məlumatına görə, bunlar Çempionlar Liqasında öz qruplarını 3-cü pillədə tamamlayan 8 komandadan 4-ü - Rusiyanın "Zenit", Yunanıstanın "Olimpiakos", Portuqaliyanın "Sportinq" və İspaniyanın "Atletik" klublarıdır.

Dekabrın 15-də keçiriləcək püşkatma zamanı bu komandalar Avroliqada öz qruplarını birinci pillədə başa vuran 12 komanda ilə birgə səpələnmişlər səbətində yer alacaqlar. Hələlik İtaliyanın "İnter", Avstriyanın "Zalsburq", Rusiyanın "Dinamo" (Moskva), İngiltərənin "Everton", İtaliyanın "Fiorentina" klubları qrup birinciliyini təmin edib. Qalan 7 qruplarda ilk pillələrin sahibləri bu axşam keçiriləcək VI tur qarşılaşmalarından sonra müəyyənləşəcək. Əsasnaməyə görə, bu komandalardan yalnız "İnter" "Qarabağ"a rəqib ola bilməz. Çünki hər iki komanda eyni qrupda mübarizə aparır. 

Azərbaycan təmsilçisi mərhələ adlayacağı halda, Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan Belçikanın "Anderlext", Hollandiyanın "Ayaks", İngiltərənin "Liverpul", İtaliyanın "Roma", eləcə də Avroliqada öz qruplarını 2-ci pillədə tamamlamış Şotlandiya "Seltik"i və Hollandiya PSV-si ilə birgə səpələnməmişlər səbətinə düşəcək. Bu səbətin qalan komandaları bu gecə məlum olacaq.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. "Qarabağ" qrupdan çıxmaq üçün bu gün "İnter"i yenməlidir. Heç-heçə təqdirində isə Ağdam komandası F qrupunun paralel görüşündə Ukrayna "Dnepr"i ilə Fransa "Sent Etyen"inin meydanı 1 xalla tərk etməsini gözləməlidir. 

Son xəbərlər

Orphus sistemi