Yuxarı

Roberto Bordin: "Bir epizoda görə futbolçunun zəhmətinin üstündən xətt çəkmək olmaz" - YENİLƏNİB-2

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XXI turunda "Qəbələ" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bölüşüb...

- Bizə lazım olan nəticə olmadı. "Qarabağ"la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlükəli vəziyyətimiz olsa da, bunları qola çevilə bilmədik. İkinci hissədə qol istəyimizə çatdıq. Top buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün 1 xalla kifayətlənsək də, bununla futbol bitmir.

Motivasiya bu gün çox yaxşı idi. Bəs qələbə üçün nə çatmadı?

- Sonadək mübarizə apardıq ki, qələbə qazanaq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi.

Canluka Sansone - Mirabdulla Abbasov əvəzetməsinə görə peşman oldunuz? Yəni, iki hücumçu ilə oynaya bilərdiniz...

- Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum.

Qış fasiləsindən sonra "Neftçi"nin arxa xəttində kobud səhvlər olur ki, nəticədə qollar buraxıb xal itirirsiniz. Bunun üzərində xüsusi işləməyi düşünürsünüz?

- Futbolda belə anlaşılmazlıqlar olur. Bilsəm ki, bu səhvdir, üzərində işləyərəm. Ani epizod idi. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz.

Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa..?

- O səhv deyil, futbolçularımız arasında anlaşılmazlıq oldu. Hər ikisi yüzdəyüz əmin olaraq belə düşüncə ilə topu götürməyə getməli idi.

"Qarabağ"la xalların bərabərləşməsi komandanın əhvalına mənfi təsir edəcəkmi?

- Xalların bərabər olması hər iki komandanın ziyanınadır. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ"la xallarımız bərabər olsa da, 1-ci yerdə yenə bizik.


***22:12

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, gənc mütəxəssis öncə qarşılaşmanı dəyərləndirib.

- Aydın məsələdir ki, gərgin, mübarizəli oyun gözləyirdik. Çünki "Neftçi"yə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. Çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq. Xarakter göstərdik, futbolçularımızın sonadək mübarizə aparmaları sevindiricidir. Onları bu xal münasibətilə təbrik edirəm.

Çempionatda, yoxsa kuboka daha çox güc qoymaq fikrindəsiniz?

- Hər iki turnirdə mübarizə aparmağa çalışacağıq. Futbolçularımız üçün "Səbail"lə matçdan sonra hazırlıq üçün vaxt az idi. Düzgün bərpa olundular.

Elvin Camalovun əvəzlənməsi nə ilə bağlı idi?

- Onun ilk hissədən sonra kiçik zədəsi oldu. Qorxduq ki, daha ağır olar. Elvin əsas heyət üzvlərimizdəndir, meydanda böyük iş görür. Onu əvəzləyən Sabien Lilay da yaxşı təsir bağışladı.

Milliyə "Qəbələ"dən heç bir futbolçunun çağırılmaması sizi təəccübləndirdi?

- Əlbəttə, bizi də təəccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun modelinə görə bu futbolçuları üstün tutub. Bütün yerli oyunçularımızı miliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Rauf Əliyev də sübut etdi ki, milliyə layiqli futbolçudur. İnanıram ki, futbolçularımız gələn oyunlara dəvət alacaqlar.

Voislas Stankoviçin zədəsi nə yerdədir?

- Artıq fərdi məşqlərə başlayıb. Bu fasilədə tam bərpa olunaraq komandaya qoşulacaq.


***20:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 

İlk hissədə "Neftçi"nin hücumları olsa da, hesabı açmaq mümkün olmayıb. İkinci hissəyə sürətli başlayan flaqman matçın 54-cü dəqiqəsində hesabda önə keçib. "Neftçi"nin müdafiəçisi Mamadu Mbodcun qüvvətli zərbəsindən sonra Amin Seydiyevə toxunan top istiqamətini dəyişib və qapıya daxil olub. 

Matçın 73-cü dəqiqəsində Stiven Monroz müdafiəçilərin diqqətindən yayınaraq topu qapıya göndərib və hesabı bərabərləşdirib.

Bu heç-heçə sayəsində xallarının sayını 45-ə çatdıran "Neftçi" liderliyini davam etdirsə də, ikinci yerdəki "Qarabağ"la eyni xala malikdir. "Qəbələ" isə 29-cu xalını qazanıb və 4-cü pillədəki yerini möhkəmləndirib.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 2:1, "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1. 

Manaf Qasımbəyli

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi