Yuxarı
    Bağlamaq

    ​"Qarabağ" klubu ilk transferini rəsmiləşdirib

    Futbolçu ilə 2 illik müqavilə imzalanıb

    Bakı. 16 iyun. REPORT.AZ/ "Qarabağ" futbol klubu yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa Liqa 1 təmsilçisi "Lans"da forma geyinən Alharbi El Jadeyaouinin keçidi həll edilib.

    Bu gün futbolçuyla 2 illik müqavilə imzalanıb. Alharbi "Qarabağ"da 10 nömrəli futbolkanı daşıyacaq.

    Keçidlə bağlı fikirlərini bildirən futbolçu "Qarabağ"ın iddialı klub olduğunu və ötən mövsüm Avropa Liqasında Fransa "Sent –Etyen"i və İtaliya "İnter"i ilə oyunlarını izlədiyini deyib: "Yeni komandam baxımlı futbol oynayır. Daim hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir. İlk məqsədim komandaya tez adaptasiya olub meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı. Bunun üçün əlimdən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm".

    Qeyd edək ki, 29 yaşlı futbolçu yarımmüdafiənin kənar mövqeyində oynayır. Futbolçunun yarımmüdafiənin hər 2 cinahında oynamaq bacarığı var. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbi sonuncu mövsümdə yüksək dəstədə 26 oyuna çıxıb və 3 qola imza atıb. Futbolçu Mərakeş millisinə də dəvət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi